"ANS cərimələri könüllü ödəməsə, qərar məcburi şəkildə icra olunacaq".
Unikal.org xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə əsasən, İnzibati Cərimə İnzibati Tənbeh və tətbiqetmə haqqında vəzifəli şəxsin qərarı qanuni qüvvəyə mindikdən sonra 30 gündən gec olmayaraq ödənilməlidir: "Bu müddətdə ödənilməzsə, hüquqi şəxsin pul vəsaiti və gəlirlərindən tutulması üçün qərar banka göndərilir və 7 gün müddətində icra olunur. Könüllü ödəmə barədə məlumat daxil olmazsa, qərar icra üçün banka göndərilir. Bankda müəyyən vəsait mövcud olmazsa, qərar məcburi icraya yönəldiləcək. ANS bizə könüllü məlumat verməsə, onların bank hesabından cərimə məcburi qaydada tutulacaq".
Xatırladaq ki, "ANS ÇM" radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxılıb və işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərar qəbul edilib.