Bu gün keçirilən imtahanlar başa çatıb.
Unikal.org xəbər verir ki, imtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.
İmtahanda 7761 (Bakıda 2158, Naxçıvanda 403, Gəncədə 1147, Şəkidə 373, Bərdədə 919, Göyçayda 499, Şirvanda 780, Lənkəranda 840, Xaçmazda 491) nəfərin iştirakı nəzərdə tutulub.
İmtahanların idarə olunması üçün 53 imtahan rəhbəri, 652 nəzarətçi-müəllim ayrılıb.
Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.
İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.