"Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 mindən çox ağac tingi paylanılıb.

Unikal.org-un məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün yaxşı stimuldur:

"İlk dəfə ağac paylama aksiyası ötən ilin payızında təşkil olundu, ictimaiyyət bu aksiyanı böyük maraqla dəstəklədi və fəal iştirakları ilə ağac əkilməsinin təşviqi istiqamətində Nazirlik tərəfindən başladılan yeni bir formanı təqdir etmiş oldu. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq. Sevindirici haldır ki, ölkəmizdə ağacəkmə tədbirləri artıq geniş vüsət alıb və kütləviləşib.

Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlik əhalinin sosial rifahına töhfə verən meyvə bağlarının salınmasını prioritet hesab edərək regionlarda əsasən meyvə ağaclarının əkilməsini və paylanmasını təşkil etdi ki, bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq".

Nazirlik rəsmisi həmçinin deyib ki, yeni yaşıllıqların salınması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən aksiyalarda bir sıra rayon icra hakimiyyətləri öz fəallıqları ilə fərqlənir ki, bu da ağacəkmə kampaniyasının daha da kütləviləşməsinə rəvac verir.

"Aparılan təhlillərə əsasən deyə bilərik ki, paytaxtın Yasamal, Nərimanov, Binəqədi, Xəzər rayonlarında, bölgələr üzrə Şəmkir, Sumqayıt, Şirvan, Ağcabədi, Yevlax, Mingəçevir, Qax şəhərlərində yaşıllıqların salınması tədbirləri artıq kütləvi hal alıb və bu rayonlarda daha geniş yaşıllıq zolaqları salınıb.

Əminik ki, belə tədbirlər digər rayonlar üçün də stimul olacaq, geniş yaşıllıq sahələri salınacaq və qorunacaq.

Bildirək ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ölkəmizdə yaşıllıq sahələrinin artırılması, qorunması və insanlarda təbiətə qayğı hissini aşılamaqdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”na və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışına əsaslanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəncləri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa çağırır".

İradə İbrahimova bildirib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işləri aparacaq, əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcək və seçilənlərə xüsusi sertifikatlar veriləcək:

"Seçilmiş namizədlərdən gələcəkdə Nazirliyin kadr heyətinin formalaşdırılması nəzərdə tutulur ki, bu da gənclərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq.

Müraciət etmək istəyənlər tərcümeyi-halını [email protected] e-poçt ünvanına və ya Bakı şəhəri, B.Ağayev küç.,100 (A) ünvanına təqdim etməlidir".