Nazir müavininin inanılmaz sərvəti ortaya çıxıb.

Bu barədə xəbər “Unikal” qəzetinin bugünki sayında dərc edilib.Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev böyük var-dövlətə sahibdir. Bu barədə Unikal qəzetinin redaksiyasına  daxil olan məlumatda deyilir. Məlumatda bildirilir ki, nazir müavini Bakıda – Milli Dənizkənarı Parkla üzbəüz inşa edilmiş yeni yaşayış binasının bütöv bir mərtəbəsini satın alıb. Ümumilikdə 1000 kv.metr sahəyə malik bu mərtəbədə mənzillə bərabər, sauna, eləcə də bilyard və tenis zalı da yerləşir. 

Y.Musayevin paytaxtdakı dəbdəbəli daşınmaz əmlakı bununla da kifayətlənmir. O, Bakı Univermağının yanında və paytaxtın "Tarqovı" adlanan mərkəzi hissəsindəki yeni binaların hər birində də bütöv bir mərtəbəyə sahibdir. Bundan başqa Badamdarda lüks villası olan nazir müavininin Nabran, Şamaxı və Buzovnada  mənzərəli yerlərində də təmtəraqlı mülklərə sahib olduğu bildirilir. 

Türkiyədə otelinin olduğu deyilən Y.Musayev qardaş ölkənin bank hesablarında da yüksək məbləğdə vəsaitə malikdir. Dubayda da obyektlərinin olduğu deyilən nazir müavininin həm bu şəhərdə, həm də Türkiyədəki  biznesini İlqar adlı qayını vasitəsilə idarə etdiyi də gələn məlumatlar arasındadır. 
Y.Musayevlə bağlı olan məlumatlar arasında onun ölkədən müxtəlif vaxtlarda nağd pul çıxardığına dair iddialar da yer alır. 

Nazir müavininin oğlunun dəbdəbəli həyatı da diqqət çəkicidir. "O xeyli sayda bahalı avtomobilləri ilə öyünür, qız dostlarına ev hədiyyə etməsi ilə tanınır, əyləncəyə meyllidir. İlin çox hissəsini Dubayda bu cür əyləncələrdə keçirir". 

Xatırladaq ki, 60 yaşlı Y.Musayev 2006-cı ildən müdafiə sənayesi nazirinin müavini postunu tutur. Onun məhz bu posta təyin edildikdən sonra sürətlə varlanmağa başlaması isə xüsusilə diqqətçəkicidir.