Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən Keşikçidağ məbədi (gürcü tərəfi həmin tikilini Gereci kilsəsi adlandırır) ətrafında yaranan qalmaqal getdikcə böyüyür.

Unikal.org xəbər verir ki, bölgəyə gələn gürcü deputat Şalva Natelaşvili üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıarı təhqir etməkdən belə çəkinməyib. Belə ki, müxalif Liberal Partiyasının sədri Şalva Natelaşvili sərhədçilərimizə səslənərək belə deyib:

 "Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar.Siz Orta Asiyadan gəlibsiniz.Sizin Qafqazla heç bir əlaqəniz yoxdur".
 
Sonra üzünü jurnanilistlərə tutaraq "bu Azərbaycanın Gürcüstana açıq-aşkar təcavüzü və işğalıdır. Rusiya bir tərəfdən, Azərbaycan da bir tərəfdən bizə təcavüz edir" kimi fikirlər səsləndirib.

Xatırladaq ki, Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən qədim Keşikçidağ Alban məbədi kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.
 
Keşikçi məbədinin mənşəyinə dair azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.
 
Elə bu səbəbdən də gürcülər kilsənin bütövlükdə onların ərazisində olması iddiasındadır. Dəfələrlə bu barədə rəsmi Bakı qarşısında məsələ qaldırılıb. Hətta məbədin onlara verilməsi qarşılığında ərazi mübadiləsi də təklif ediblər.Ancaq Azərbaycan tərəfi bu təkliflərlə razılaşmayaraq öz tarixi məbədinə sahib çıxacağını bəyan edib.
 
Son günlər isə Gürcüstanın yeni prezidenti Salome Zurabişvili ərazi mübahisəsini yenidən gündəmə gətirib. Bir neçə gün əvvəl həmin bölgəyə səfər edərək Azərbaycan tərəfinə təkliflərini yenidən çatdırıb. Onun ardınca millət vəkilləri, ictimai aktivistlər, din xadimləri bölgəyə axın etdilər. Televiziyalar oradan canlı yayımlara başladılar.