Mayın 3-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Florence Nightingale Hastaneler Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi ilə görüşüb.
Unikal.org xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki qardaş ölkənin tarixi köklərə dayanan strateji tərəfdaşlıq münasibətlərinin hər zaman yüksələn xəttlə inkişaf etdiyini bildirib.
Son illər bütün sahələrdə köklü islahatların aparıldığını, həyata keçirilən tədbirlərin dövlətimizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, ölkəmizlə yanaşı, regionun da iqtisadi potensialının güclənməsinə təkan verdiyini diqqətə çatdıran DGK sədri bu islahatların əhaliyə göstərilən tibb xidmətlərinin də kəmiyyət və keyfiyyət baxımından yüksəlməsinə şərait yaratdığını vurğulayıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanların sağlamlığının qorunmasına, ölkə vətəndaşlarının keyfiyyətli tibbi xidmətlə təmin olunmasına xüsusi önəm verdiklərini vurğulayan Səfər Mehdiyev Azərbaycanda yeni xəstəxanaların inşasını və ixtisaslı kadrların hazırlanmasını bu istiqamətdə atılan addımlar kimi dəyərləndirib. Ən müasir avadanlıqlarla təchiz edilən Mərkəzi Gömrük Hospitalının da ölkə səhiyyəsinə öz töhfəsini verdiyini bildirən Komitə sədri Mərkəzi Gömrük Hospitalı ilə Florence Nightingale Hastaneler Qrupu və Demiroğlu Bilim Universiteti arasındakı üçtərəfli əməkdaşlığın tərəflər üçün faydalı olacağına əminliyini ifadə edib.
Florence Nightingale Hastaneler Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi səmimi görüşə görə təşəkkürlərini bildirib, Mərkəzi Gömrük Hospitalındakı şəraitdən məmnunluqla bəhs edərək səmərəli və işgüzar əməkdaşlığın gücləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artmasına, tibb sahəsindəki yeniliklərin və elmi biliklərin geniş şəkildə tətbiqinə şərait yaradacağını vurğulayıblar.
Bildirilib ki, ilkin mərhələdə qarşılıqlı şəkildə tibbi heyətin ixtisasartırma kurslarına cəlb olunması, gələcəkdə isə tibb sahəsində təhsil alan tələbələrin də bu proseslərdə iştirakının təmin edilməsi nəzərdə tutulur.