Baş bankirin xaosa sürüklədiyi bank sektoru xilas olmağa başlayır...
Bu həftə xəbər portallarının iqtisadiyyat lentlərində iki xəbər xüsusilə diqqətçəkici idi . Bunlardan birində deyilirdi ki, Azərbaycanın Mərkəzi Bankı (AMB) 2018-ci ili 60 milyon 316 min manat zərərlə başa vurub. Halbuki, qurum 2017-ci ildən 3 milyard 513 milyon manat mənfəətlə çıxmışdı. Bunun səbəbi isə Neft Fondundan 3 milyard 949 milyon manat transferlər olmuşdu.
"Unikal" qəzeti yazır ki, AMB-nin cəmi aktivləri bu il yanvarın 1-nə 22 milyard 68 milyon 979 min manat təşkil edib ki, bu da ötən ilin yanvarın 1-i ilə müqayisədə 2,5% azdır.
Digər xəbərdə isə bildirilirdi ki, "Bank Respublika" 2019-cu ilin 1-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Məlum olub ki, adıçəkilən Bank birinci rübdə bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edib və bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib, 31 mart 2019-cu il tarixinə onun aktivləri 1 milyard manatı keçib, bu da ötən ilin birinci rübünün göstəricisindən 47% çoxdur. Bundan başqa, Bankın məcmu kapitalı 28%, kredit portfeli 45%, depozit portfeli 60%, xalis mənfəəti isə 3 dəfədən çox artıb.
Hesabata əsasən, Bankın xalis faiz mənfəəti 2 dəfə artaraq 8,14 milyon manat, xalis əməliyyat mənfəəti isə 4 dəfədən çox artaraq 2,48 milyon manat təşkil edib.
Bu iki xəbərin diqqətçəkiciliyi nədədir? Məsələ burasındadır ki, maliyyə göstəriciləri inanılmaz sürətlə yaxşılaşan "Bank Respublika" ötən ili 60 milyon manat zərərlə başa vuran Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun qeyri-rəsmi şəkildə nəzarətindədir; hər halda bunu ölkə mətbuatı çoxdan yazır və baş bankir belə məlumatları təkzib etməyib.
Nə isə... Dediyimiz odur ki, Mərkəzi Bank ötən illə bağlı on milyonlarla manatlıq zərər açıqladığı halda onun rəhbərinin nəzarətindəki özəl bankın gündən-günə çiçəklənməsi maraqlı nüansdır və əlbəttə ki, diqqətimizdən kənarda qala bilməzdi. Ən əsası: Mərkəzi Bank "şef"i 2016-cı ilədək olduğu kimi, indi də maliyyə sektorunda həlledici söz sahibi qalsaydı, çətin ki, öz bankı belə hazırda bu qədər yaxşı göstəricilər əldə edəydi. Niyəsini bir azdan açıqlayacağıq.
Öncə onu yada salaq ki, gələn il cənab Rüstəmovun AMB İdarə Heyəti sədrliyinin 25 ili tamam olacaq. 1995-ci ildən ölkənin baş bankiri vəzifəsini yerinə yetirən Elman müəllimin fəaliyyətini müstəqil iqtisadçılar və media orqanları heç də müsbət qiymətləndirmirlər. Bu illər ərzində onun adı korrupsiya müstəvisində az hallanmayıb. Ən əsası isə ölkənin bank sistemi çoxsaylı problemlər məngənəsinə düşüb. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə iqtisadi böhran simptomları görünməyə başlayanda bunun ən ağır zərbəsi Azərbaycandakı banklara dəydi. Onların bir çoxu bağlanmaq, yaxud da başqa banklara birləşmək məcburiyyətində qaldı. Bank sisteminin krizislərə qarşı müqavimətinin yetərli olmadığı anlaşılınca, Elman Rüstəmovun da bu sektora onillərdir davam edən rəhbərliyinin qeyri-effektliyi bütün çılpaqlığı ilə ortaya çıxmış oldu.
Təsadüfi deyil ki, məhz həmin günlərdə ölkə başçısı qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaradılmasına qərar verdi. Palatanın qarşısına ölkənin maliyyə sektorunun dayanıqlığını təmin etmək və bu sahədə nəzarət tədbirlərini gücləndirmək kimi tapşırıqlar qoyuldu.
İroniyanı bir kənara qoyaq. Konkret fakta müraciət edək: 6-7 il əvvəl nəinki Azərbaycan, ümumiyyətlə dünya mətbuatı Avstriya Prokurorluğunun bir korrupsiya qalmaqalı ilə bağlı rəsmi ittihamından bəhs edirdi. Həmin ittiham aktında göstərilirdi ki, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan və banknotların çapını həyata keçirən OeBS şirkətinin rəhbər şəxsləri, habelə ölkənin Mərkəzi Bankının rəhbərliyinə daxil olan şəxslər Azərbaycan manatının çapı üçün bağlanmış müqaviləyə görə rəsmilərə iri məbləğlərdə rüşvət ödəyiblər. Konkret olaraq isə ittiham aktında şirkət rəhbərlərinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova Panamada qeydiyyatdan keçmiş “Venkoy” adlı offşor şirkət vasitəsilə 14 milyon avro rüşvət verdiyi göstərilmişdi... Bu baş bankirimzin adının qarışdığı çoxsaylı qalmaqallardan sadəcə biridir. İndi deyin görək: Mərkəzi Bank sədrinin adı ətrafında zaman-zaman belə skandalların yaşandığı bir reallıqda ölkə banklarının gözlərini açıb özlərini böhran bataqlığında görməsi təəccüblüdürmü? Əlbəttə, yox. Nə yaxşı ki, tam doğru zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması barədə qərar verildi və bank sektorumuz qısa vaxtda düşdüyü çətin situasiyadan qurtulub yenidən yüksəliş yolunu tutdu.
Belə bir qərar olmasa və bank sistemi Elman Rüstəmovla ətrafının ümidinə qalsa, nə baş verərdi, təsəvvür etmək belə istəməzdik. Böyük ehtimalla indi maliyyə sektoru 3 il əvvəlkindən də ağır durğunluq, xaos içində çapalayır, baş bankir isə yenə də, – həmişə olduğu kimi! – əsassız optimist bəyanatlarla cəmiyyətin başının altına yastıq qoymağa davam edirdi...
Sənan Mirzə