"Dünya Neft Şurası"nın 2023-cü ildə keçiriləcək 24-cü Dünya Neft Konqresinə ev sahibliyi etmək üçün Bakının namizədliyi irəli sürülüb.
Unikal.org xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov Azərbaycan Milli Neft Komitəsinin iclasında bildirib.
Nazir lazımi dəstəyin qazanılmasında Milli Neft Komitəsinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib və müvafiq tapşırıqlar verib.
O deyib: "Azərbaycanın Dünya Neft Şurasına üzv kimi qəbulunda ümummilli lider Heydər Əliyevin neft strategiyasının xüsusi rolu var. Dünya Neft Şurasının əsas qayəsi qlobal miqyasda karbohidrogen ehtiyatlarından insanların rifahı naminə istifadə edilməsidir və bu, Azərbaycanın enerji kursunun da başlıca hədəfidir".
Energetika naziri neftlə bağlı fəaliyyətin bir neçə istiqamətdə həyata keçirildiyini bildirib: "Bu gün neft ehtiyatlarının işlənməsi, neft sənayesinin investisiya ilə təmin edilməsi ilə yanaşı, neftin qiymətinin stabilləşməsi prosesində də iştirak edirik. Eyni zamanda, neftin qiymətlərdən asılılığının azaldılması üçün hasilatda səmərəliliyə nail olunması, neftdən əlavə dəyər yaradan məhsul kimi istifadə edilməsi istiqamətində tədbirlər görürük. Həmçinin, quruda və açıq dənizdə ilk dəfə neft hasilatının, neft sənayesində bir sıra mühüm ilklərin beşiyi kimi ölkəmizin dünyada tanıdılmasına çalışırıq".
Energetika nazirinin müavini Elnur Soltanov çıxışında bildirib ki, 24-cü Dünya Neft Konqresinə namizəd 2019-cu ilin iyun ayında Sankt-Peterburq şəhərində keçiriləcək növbəti iclas zamanı gizli səsvermə ilə müəyyən ediləcək. Azərbaycanla yanaşı, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Argentina və Qazaxıstan da namizəd ölkələr sırasındadır. Komitənin İdarəetmə aparatının rəhbəri Nazim Vəliyev Milli Neft Komitəsinin Azərbaycanın neft-qaz sektorundakı maraqlarını "Dünya Neft Şurası" beynəlxalq təşkilatında fəal təmsil etdiyini vurğulayaraq Bakının namizədliyi çərçivəsində görülmüş işləri diqqətə çatdırıb.
Qeyd edək ki, “Azərbaycan Milli Neft Komitəsi” 2005-ci ildə təsis edilib və həmin il Yohanezburqda keçirilən Konqresdə Dünya Neft Şurasına (WPC) üzv seçilib. Hər üç ildən bir keçirilən Dünya Neft Konqresinin əsas təşkilatçısı 1933-cü ildə yaradılmış Dünya Neft Şurasıdır. Konqres neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Altmış beş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir.