Naxçıvan Muxtar Respublikasında 2018-ci ildən etibarən icrasına başlanan “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində ikinci dəfə startap turu təşkil olunub. 

Unikal.org xəbər verir ki, Naxçıvan Universitetində reallaşdırılan tədbirə 100-dən çox gənc qatılıb.

Tədbirdə Naxçıvan Rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov, “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak edib.  

Ekspert qrupu tərəfindən “I2B-İdeyadan Biznesə” startap turunun Naxçıvan mərhələsində iştirak etmək üçün 31 layihədən 15-i seçilib.  

İdeyalar dinlənildikdən sonra “I2B-İdeyadan Biznesə” layihəsinin mentorları tərəfindən isə ümumilikdə 20 komanda formalaşdırılıb. Təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması, eləcə də, startap-komandaların və ideyaların formalaşdırılması üsulları ilə bağlı iştirakçılar müsabiqəyə hazırlanıb. 
Daha sonra ideyalar münsiflər heyəti qarşısında təqdim edilib.
Nəticədə Naxçıvan şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Müvafiq olaraq  “Peşəkar”, “Caravan Company”, “Pay Port” layihələri qalib seçiliblər. Komandaların yüksək hazırlığını nəzərə alaraq, hər 3 komanda Bakıda keçiriləcək Milli Finala dəvət edilib.