Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib.
Unikal.org xəbər verir ki, toplantıda çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov Fermerlər Şurasını çox faydalı format adlandırıb. Nazir ölkənin qabaqcıl, təcrübəli fermerləri bir araya gətirən bu formatda aparılan müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini deyən nazir Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.
Görüşdə fevral ayında keçirilmiş iclasda qaldırılmış məsələlərin icra vəziyyəti barədə hesabat dinlənilib. İştirakçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi istiqamətində görülən işlər, dövlət güzəşti tətbiq edilən kənd təsərrüfatı texnikası siyahısının genişləndirilməsi, taxıl biçini zamanı kombayn çatışmazlığının aradan qaldırılması üçün qəbul olunmuş yeni qərarlar barədə geniş məlumat verilib.
Fermerlər Şurasının üzvləri aqrokimya laboratoriyalarının fəaliyyəti, texnikaların yeni qaydalarla satışı, kooperativlərin yaradılması zərurəti, əkin zamanlı sertifikatlı toxumdan istifadə, gübrənin güzəştli qiymətlərlə səyyar satışı, aqrar xidmətlərin elektronlaşdırılması, meliorasiya problemləri, pambıq səpininin gedişi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tanınmış fermerlərdən Əlibala Səlimov, Sevil Osmanova, İldırım Məmmədov, Rafət Abbasov, Bəydabə Vəliyev və digərləri Fermerlər Şurasının gələcək inkişaf planları ilə bağlı fikirlərini bölüşüb, şura üzvlərinin regionlarda fəaliyyətlərinin artırılması ilə bağlı rəy və təkliflərini irəli sürüblər.
Toplantının sonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasına yeni üzvlər qəbul olunub. Qeyd edək ki, Fermerlər Şurasının tərkibinin üçdə bir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.