Prezident İlham Əliyevin Türkiyəyə göndərib əməliyyat etdirdiyi gəncin əlillik dərəcəsi təyin olunmur.

Unikal.org-a müraciət edən Ağsu rayon sakini Murad Zamanov bildirir ki, sol gözü görmür, sağ gözünün görmə qabiliyyəti isə zəifdir.Buna baxmayaraq Ağsu Rayon Mərkəzi xəstəxanasında ona birinci və ikinci qrup əlillik dərəcəsi təyin edilmir:

"Bu ilin martın 7-də Zərifə Əliyeva adına Göz Klinikasından tibbi rəyi alıb, Ağsu Rayon Mərkəzi Xəstəxanasına göndərdim. Baş həkimin müavini dedi ki, Türkiyədəki klinikadan həkim rəyini gətirəndən sonra bütün sənədlərə baxılıb, qrup təyin ediləcək. Baş həkim Şəhrəbanu Məlikova və müavini sənədlərimə baxıb, dedilər ki, sənə ikinci qrup əlillik dərəcəsi düşür. Mən özüm əvvəldən gözümə görə üçüncü qrup əlillik dərəcəsi almışam. Sonradan xəstəxananın göz həkimi deyir ki, səndə üçüncü qrup olmalıdır. Mənsə bir gözümün görmədiyini bildirdim. Digərinin görmə qabiliyyəti də mənfi üç faizdir. İnanırsınız, əsəbdən bütün sinir sistemim pozulub, səhhətim pisləşib. Mənə ikinci və birinci qrup əlillik təyin olunmalı halda mənim müraciətimə məhəl qomurlar. İndi də mənə deyirlər ki, göndəriş al yenidən Bakıda müayinədən keç. Şamaxıdan gələn komissiyanın üzvü də bunlara dedi kömək et. Amma bunlar etmək istəmirlər. Mənə oftolmoloq dedi ki," baş həkimlə danış, onlar  edə bilər". Bütün xəstəxanaya gələnlərdən də Ülviyyə adlı həkim  5-10 manat pul alır. Mən prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna öz minnətdarlığımı bildirirəm ki, məni Türkiyədə əməliyyat etdirdilər. İndi xahiş edirəm ki, mənə əlillik dərəcəsinin verilməsi ilə də bağlı məsələni diqqətdə saxlayıb, mənə köməklik göstərsinlər".