Binəqədi paytaxtın lider rayonuna çevrilir
12:53 03-10-2012
CƏMİYYƏT
Binəqədi paytaxtın lider rayonuna çevrilir
Xaləddin İsgəndərovun sakinlərə arxalanaraq həyata keçirdiyi islahatlar Binəqədi rayonunun tərəqqisini stimullaşdırır
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbulundan sonra bölgələrdə və eləcə də paytaxt Bakının ayrı -ayrı rayonlarında abadlıq və quruculuq işləri nəzərə çarpacaq dərəcədə intensivləşib. Bu isə ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib.
Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə yanaşı, Bakının rayonları, qəsəbələri və kəndləri də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Özünün dinamik inkişaf mərhələsini yaşayan belə rayonlardan biri də Binəqədi rayonudur. Bu ilin aprel ayında ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı postuna təyin olunan Xaləddin Şahmar oğlu İsgəndərovun gəlişindən sonra çox qısa bir müddət ərzində rayonun siması müsbətə doğru tamamilə dəyişmişdir.
Məlumat üçün bildirək ki, Binəqədi rayonu paytaxtın əhəmiyyətli yaşayış massivlərindən sayılır və rayon Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarmadasının Şimal-qərbində yerləşir. Ərazisi 169,38 kv.km, inzibati mərkəzi isə M.Ə.Rəsulzadə qəsəbəsidir. Rayon ərazisində yaşayan daimi əhalinin sayı 245991, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir. Rayonun inzibati ərazisində 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar) və 6 qəsəbə - M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulu-təpə və 28 May qəsəbələri mövcuddur. Eyni zamanda, rayonda yerli özünü idarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir.
Kifayət qədər geniş ərazini əhatə edən Binəqədi rayonunda illərdən bəri qalaqlanıb qalmış problemlərin yeni rəhbərliyin gəlişi ilə ardıcıl olaraq həllini tapması əhalinin məmnunluğuna səbəb olmuşdur. Əməkdaşımızın rayon sakinləri ilə apardığı söhbət zamanı vətəndaşlar qısa zaman ərzində rayonda böyük işlərin həyata keçirildiyini söyləyərək aparılan bu islahatları ürəkdən dəstəklədiklərini söyləyiblər. Xüsusilə də rayon ərazisindəki binaların üzərinə alkoponların çəkilməsi, yeni yaşıllıqların salınması, küçə və prospektlərin yenidən qurulması və s. tədbirlər əhali tərəfindən böyük rəğbət hissiylə xatırlanır. Eyni zamanda rayon rəhbərliyinin gördüyü işlər nəticəsində bir vaxtlar müşahidə olunan mənfi tendensiya və hallara qarşı da mübarizə gücləndirilmişdir. Buna misal olaraq binalarda balkonların qanunsuz olaraq genişləndirilməsi kimi ümumi mənzərəyə mənfi çalar qatan tendensiyanı göstərmək olar.
Xaləddin İsgəndərovun rayona rəbhər təyinatından sonra isə bütün sahələrdə olduğu kimi sözügedən problemin həlli istiqamətində də ciddi tədbirlər həyata keçirilməyə başlayıb ki, bu da öz növbəsində rayonun estetik görünüşünə töhfəsini verməkdədir. Bir vaxtlar geniş vüsət alan qanunsuz tikililərə qarşı aparılan mübarizə öz nəticələrini verməkdə və onların yerini müasir və göz oxşayan yeni tikililər əvəz etməkdədir.
Bütün bunlardan əlavə son zamanlar Binəqədi rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılıb. Belə ki, park və meydanlarda abadlıq və müasir şəkildə əsaslı yenidənqurma işləri görülür. Parklara tamet plitə döşənib, bardürlər dəyişdirilib, yeni oturacaqlar qoyulub, müasir tipli işıqlandırma sistemi ilə təchiz edilib, minlərlə ağac, gül və dekorativ kollar əkilib, ərazilər tamamilə qazonlaşdırılıb. Bütün bunlar isə rayon sakinlərinin mədəni istirahətlərinin təşkili yönündə atılmış çox ciddi addımlardan hesab olunmalıdır.
Rayon ərazisində yeni-yeni yaşıllıq zolaqları salınır. Artıq qurumuş ağacların yerinə yeniləri əkilmiş və bu tədbirlərdə rayonun bütün idarə və təşkilatları iştirak edirlər. Binəqədi rayonunun inzibati ərazi bölgüsünə aid olan mikrorayonlar və qəsəbələr bu gün sözün həqiqi mənasında dinamik inkişaf mərhələsi yaşamaqda və paytaxtımızın ümumi mənzərəsinə əlavə gözəlliklər qatmaqdadır. Bu baxımdan bir vaxtlar gözdən-könüldən iraq olan Biləcəri qəsəbəsində aparılan quruculuq və abadlıq işlərini xatırlamaq kifayətdir. Artıq Biləcəri qəsəbəsinin ümumi siması əhəmiyyətli şəkildə dəyişmiş və paytaxtımızın əzəmətli yerlərindən birinə çevrilmişdir.
Rayon rəhbərliyi əhalinin fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təminatı məsələsinə də diqqət və qayğı ilə yanaşır və demək olar ki, bu gün sözügedən xidmətlər ideala yaxın şəkildə həllini tapmışdır. Bu isə hər şeydən öncə rayon rəhbərliyinin xüsusilə də Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun işini peşəkar səviyyədə qurmasının göstəricisidir. Belə ki, icra başçısı müntəzəm olaraq əhali ilə təmaslarda olur, onları narahat edən məsələlərlə maraqlanır və problemlərin yerindəcə həll olunması üçün təxirəsalınmaz göstərişlərini verir. Hətta öyrəndiyimizə görə, icra başçısı verilən tapşırıqların hansı səviyyədə yerinə yetirilməsi üçün gecə reydlərinə çıxır və Xaləddin İsgəndərovun bu cür tələbkarlığı digər məmurlar üçün də örnək sayıla bilər. Məhz əhali ilə sıx və daimi təmasın nəticəsidir ki, bu gün Binəqədi rayonunda rəhbər-vətəndaş münasibətlərinin ən üst səviyyədə təşkil olunması mümkün olmuşdur.
İcra başçısının rayon sakinləri ilə geniş tərkibli belə görüşlərindən biri isə bugünlərdə-28 sentyabr 2012-ci il tarixdə Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən 3 saylı orta məktəbdə baş tutub. Belə ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov 8-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüş keçirmiş və vətəndaşların problemlərini məhz öz dillərindən eşitmək istədiyini nümayiş etdirmişdir. Görüşdə sakinlər çıxış edərək mikrorayon və yaşadıqları məhəllədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etmiş və Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar vermişdir.
Görünür elə “uğurun Binəqədi modeli”nin reallaşmasında da bu kimi canlı təmasların böyük rolu var. Hər halda vətəndaşlar rayon rəhbərinin onlarla mütəmadi olaraq görüşdüyünü və ən əsası bu görüşlərin problemlərinin həllində yardımçı olduğunu gördüyündən hər kəs doğma rayonun inkişafı üçün özünün də nələrsə etməli olduğunu dərk edir. Bu hissi yaratmaq və formalaşdırmaq üçünsə əsl rəhbər keyfiyyətləri vacibdir. Xaləddin İsgəndərovun timsalında isə Binəqədi rayonu belə bir rəhbəri kəşf edib və ona inanır. Bu qarşılıqlı inam və etibarın isə Binəqədini paytaxtın lider rayonuna çevirəcəyinə inanırıq.
Natiq Rəhimov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49