Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Novxanı kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər vertir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Respublika ərazisində, eləcə də Novxanı kəndində həyata keçirilən quruculuq-abadlıq işlərindən danışan başça kənd ərazisində böyük problemlərin olmadığını, ortaya çıxan yerli əhəmiyyətli çatışmamazlıqların da aradan qaldırıldığını söyləyib. Kəndin yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını və bu istiqamətdə müsbət nəticələrin əldə edildiyini qeyd edən İ.Gülməmmədova Abşeronun digər kənd və qəsəbələrində olduğu kimi, Novxanıda da əhalinin sayının surətlə artdığını və bu səbəbdən də təbii olaraq müəyyən təlabatların yarandığını, onların da qarşılanması üçün lazimi tədbirlərin görüldüyünü deyib.
Sonra Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev hesabat xarakterli çıxış edərək görülən işlər, həyata keçirilən abadlıq-quruculuq tədbirləri barəsində məlumat verib.
Daha sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Çıxışçılar kəndin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsi, içməli su probleminin həll olunması, verilən təbii qazın təzyiqinin artırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.