Mayın 24-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” devizi altında 28 May - Respublika Gününə həsr edilmiş kütləvi tədbir keçirib.
Unikal.org xəbər verir ki, Zaqatala və Balakən rayon orta məktəblərinin yuxarı sinif şagirdləri arasında 28 May - Respublika Günü münasibətilə vətənpərvərlik mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.
Zaqatala şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Dövlət Himninin ifası ilə başlayan tədbirdə Xalq Cümhuriyyəti qurucularının xatirələri də ehtiramla anılıb.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının böyük əhəmiyyət daşıdığını bildirib. Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq nəsillərin yaddaşında xalqımızın tarixinin şərəfli səhifələrindən biri kimi əbədi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Xalq Cümhuriyyətinin ideya-siyasi sistemi bu gün Azərbaycan Respublikasında tam şəkildə intişar tapıb. Belə ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil ölkəmiz Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə güclü orduya, iqtisadiyyata, inamlı və sürətli inkişafa malik sabit bir dövlətə çevrilib. Xidmət rəisinin birinci müavini vurğulayıb ki, bu gün vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Respublika Günü münasibətilə keçirilmiş müsabiqədə şagirdlərin fəal iştirak etmələri gənc nəslin milli dəyərlərə, dövlətçilik tariximizə bağlılığının daha bir bariz nümunəsidir.
Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil olunan bu tədbirlərin əhəmiyyətinə diqqət çəkib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dövlətin diqqətində olduğunu və bu istiqamətdə müxtəlif proqramların həyata keçirildiyini bildirib. Təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə gənclərə ətraflı məlumat verib.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova və digər çıxış edənlər regionlarda gənclərin inkişafı istiqamətində, onların asudə vaxtlarını səmərəli keçirmələrinin təmin edilməsi məqsədilə reallaşdırılmış layihələrdən söz açıblar.
Sonra Zaqatala və Balakən rayon orta məktəb şagirdləri arasında 28 May - Respublika Gününə həsr edilmiş vətənpərvərlik mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Münsiflər heyətinin qərarına əsasən Zaqatala rayonu üzrə 1-ci yerə Yengiyan kənd orta məktəbin şagirdi Hülya Səfərova və Balakən rayonu üzrə isə şəhər 1 saylı tam orta məktəbin şagirdi Səbinə Daşdəmirova, 2-ci yerə Zaqatala rayon Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin şagirdi Məryəm Qazıyeva və Balakən rayon Poşbinə kənd 1 saylı tam orta məktəbin şagirdi Həlimə Ömərova, 3-cü yerə isə Zaqatala rayon Dağlı kənd məktəbinin şagirdi Sevinc Əmirova və Balakən rayon Katex-zavod kənd tam orta məktəbin şagirdi Alvina Velixanova layiq görülüblər. Qaliblərə müvafiq diplomlar, plaketlər və hədiyyələr təqdim edilib. Həmçinin, müsabiqədə iştirak edən bir qrup məktəbli həvəsləndirici mükafatlara layiq görülüblər.
Sonda məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının, həmçinin özfəaliyyət kollektivlərinin çıxışları təqdim olunub.