“Azərbaycanda dörd dəfə olmuşam. Azərbaycanla bağlı yalnız xoş xatirələrim var. İlk dəfə 1970-ci illərdə filmimin premyerasına gəlmişdim. Xatırlayıram ki, tamaşaçılar izləyərkən ağlayırdı, filmin ortasında isə hətta dedilər ki, tərcüməyə ehtiyac yoxdur - hər kəs türk dilini çox gözəl anlayır. İlk səfərimdə neft iyini canına çəkmiş Xəzərin sahilindəki şəhəri gördüm”.
Unikal.org xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aktrisası Türkan Şoray “Nargis Magazine”ə müsahibəsində deyib.
Bakı haqqında danışan sənətçi Bakı təəssüratlarından danışıb:
“Növbəti dəfə artıq müstəqil Azərbaycana gələndə nitqimi itirmişdim – füsunkar bir şəhərlə əhatə olunmuşdum! Gecə vaxtı idi. Şəhərin bütün binaları işıqlandırılmışdı... sanki bir nağılda idim. Hətta yanacaq doldurma məntəqələri nağıl evləri kimi görünürdü. Burada bir çox brend mağazalar var, özünü Avropada hiss edirsən. Bu illər ərzində hər şey çox dəyişib!”.
Şoray Xalq artisti Zeynəb Xanlarova ilə rəfiqə olduğunu da söyləyib:
“Azərbaycan xalqı o qədər səmimi və mehribandır ki, ölkəniz ikinci evim kimidir. Bu, şablon ifadə deyil, həqiqətən belədir. Azərbaycana gəldiyimizdə, özümüzü doğma ölkəmizdəki kimi hiss edirik: rahat gəzirik, mənə çox hörmət edirlər.
Evdə hətta 20-30 Azərbaycan plastinkalarını saxlamışdım, onları ilk səfərimdən gətirmişdim, amma təəssüf ki, başqa evə köçən zaman onlar itdi. Azərbaycan musiqisinin pərəstişkarıyam (zümzümə edir: “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım...”).
Zeynəb Xanlarova ilə çox yaxşı dostuq, bir dəfə o mənə gözəl bir üzük hədiyyə etmişdi. Zeynəb xanım Türkiyəyə gəldiyində bir neçə dəfə mənim qonağım olub, tez-tez çay süfrəsi arxasında söhbət etmişik. Azərbaycana son səfərim zamanı o məni oteldə ziyarət etmişdi”.