“Allah ikinizin də bəlasını versin-sənin də, Hitlerin də…”
“- Ana, atamızı unutmuşuq
Atanız bizi unudub. Cəbiş, baları yetim qoymaq istəyirsən?”
“-Sən burda neyniyirsən?
- Ay rəhmətliyin oğlu, adam burda neyniyər? Aç qapını bombalar töküldü başıma”.
“-Pulun var sənin?
- Sənin yox, sizin.
- Yaxşı, pulun var sizin?”
“Ay qız, Tanyə…”
“-Bizim uşağı görmədin?
-Uşağın olub bəyəm?
-Kül başuva, doğan vaxtımdı? Tanyəni deyirəm, əmanətdü, əmanət.”
“Xoşun gəlir? Gözləri yaşıldu?”
“Yəni ayda bir dəfə mənim arvadımla bazaar getməyə ixtiyarım yoxdu?”
Bu yerdə, ümumiyyətlə yazı boyu filmin adını çəkməsəm belə oxucu artıq sitatlardan bildi söhbət hansı filmdən gedir.
1969-cu ilin filmidir. 60-70-ci illər Azərbaycan ədəbiyyatının intibah dövrü olub. Həmin dövrdə kinoda, teatrda, rəssamlıqda, musiqidə, ümumiyyətlə mədəniyyətin bütün sahələrində ən gözəl əsərlər, ən peşəkar sənətkarlar meydana gəlib. Sevdiyimiz “şərikli çörək” də o illərin filmidir. “Bizim Cəbiş müəllim” də.
"Müharibənin 1001-ci gecəsi" yoxsa “Bizim Cəbiş müəllim”
Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında çəkilib. Maqsud və Rüstəm qardaşları qədər köhnə Bakı həyatını, insanlarının psixologiyasını bilən üçüncü adam az tapılar.
Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.
Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə olaraq "Bizim Cəbiş Müəllim" filmində Nəcəfov obrazının dili ilə söylənilib. Doğrudan da, bu filmdə rejissor Həsən Seyidbəyli filmin ssenari müəllifi Maqsud İbrahimbəyov çox cəsarətli addım atıblar. Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima nəzəratlərində saxladığı faktları aşkar ifadə ediblər. Böyük Vətən müharibəsində Sovetlər tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə "Bizim Cəbiş Müəllim" filmində aşkara çıxarıldı… Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndərdilər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verir. Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur.
Həsən Seyidbəyli Makedonu təsadüfən tapmışdı
Rejissor Makedon rolunun ifaçısı Aqil Ağacanovla bulvarda təsadüfən nərd oynayırmış. Qarşısındakının rejissor olduğunu bilən Aqil onunla mərcə girir. Əgər rejissor uduzsa onu kinoya çəkəcək. Razılaşırlar. Nərddə uduzduqdan sonra Həsən Seyidbəyli sözünü tutaraq onu Makedon roluna sınağa çağırır. Aqil Ağacanov sınaqdan keçəndən sonra rejissor onu çağırıb deyir ki, səni zatən Makedon rolu üçün gözüm tutduğuna görə səninlə nərd oynamağa başladım. Gəldiyimiz mərc isə səndən çox mənim mənafeyimə xidmət edirdi.
“Çağırsa ellər gedərəm davaya” barədə həqiqət
“Bizim Cəbiş müəllim”ə dəfələrlə baxmış tamaşaçıların əksəri bu fikirdədir ki, “Çağırsa ellər gedərəm davaya” da Əliağa Vahidindir. Amma adı titrlərə düsməyən meyxana müəllifi Molla Məhəmməddir.
Filmdə məhəllə uşaqlarının (Namiq, Makedon və s.) dediyi meyxananı səsləndirən də şairin özüdür.
73,5 dəqiqəlik “Bizim Cəbiş müəllim”ə Molla Məhəmmədin meyxanası necə daxil edilib?
Molla Məhəmməd – 1950-ci ildə Maştağa kəndində doğulmuş Məmmədqulu Əhmədovdur. “Molla Məhəmməd” təxəllüsünü ona oturub-durduğu, yaşından böyük kişilər veriblər. Məmmədquluda görüb-götürmək, eşitdiyini-oxuduğunu beş dəqiqədə qulağına sırğa etmək bacarığını duyanlar təxəllüs verməkdə yanılmayıblar. Bədahətən şeir demək (bədiyyə), əsasən də qəzəl yazmaq istedadı ilə Molla Məhəmməd tez bir zamanda kənddə məşhurlaşıb.
Onu Nəsibə Zeynalovanın oğlu Cahangirlə yaxından tanışlığı filmə gətirib çıxardır. Bağ qonşusu idilər. Günlərin bir günü Cahangir uşaqlıq dostu Molla Məhəmmədin yazdığı “Çağırsa ellər, gedərəm davaya” meyxanasını anasına göstərir. Öz növbəsində, o da filmində müharibə illərinin canlı ab-havasmı yaratmağa çalışan Həsən Seyidbəyliyə. Meyxana kinorejissorun elə xoşuna gəlir ki, onun səsləndirilməsi də müəllifin özünə, yəni Molla Məhəmmədə həvalə edilir.
Bizim Süleyman Ələsgərov
Bizim iki Süleyman Ələsgərovumuz olub. Biri görkəmli bəstəkar, o biri aktyor. Cəbiş müəllim obrazının ifaçısı aktyor Süleyman Ələsgərovdur. İxtisasca həkim olmalı idi, çünki Tibb İnstitutunun üçüncü kursunda oxuyanda getdiyi teatr dərnəyindən Gənc Tamaşaçılar Teatrının aktyor ştatına müsabiqə yolu ilə işə götürülüb. Sənətə bağlandığından institutu atıb. Ömür boyu Gənc Tamaşaçılar Teatrında işləyib. “Hacı Qəmbər” tamaşasında Hacı Qəmbər obrazı gözlərim qarşısındadır, çünki yaşıma görə gördüyüm yalnız uşaq vaxtı həmin tamaşa olub. 34 filmə çəkilib. Cəbiş müəllim obrazı onun visit kartı sayılır. Deyilənə görə aktyor xasiyyətcə obraza çox bənzəyirmiş. 83 yaşına, yəni ömrünün sonuna qədər səhnədə olub. Ölümündən az əvvəl qrim güzgüsünü gənc aktyor Elşən Rüstəmova həvalə edib. 1989-cu ildə dünyasını dəyişib.
Bu filmdəki roluna görə xalq artisti 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında diploma layiq görülüb.
Cəbişin arvadı
Fikir vermisiniz, filmdə obrazın adı belə də gedir, öz adı yoxdur-yalnız Cəbişin arvadıdır. Mentalitetin göstəricisidir. Bəzilərinin fantazyasına görə guya Cəbişin arvadı ona xəyanət edir, özü də qonşu Əbülfəzlə. Deyir hayıf Cəbiş kimi kişiyə arvadı xəyanət edir, rejissor guya bunu xırda detallarla işarə verib: “məsələn Əbülfəzin fürsətdən istifadə edib bazarda qadının qolundan tutması, öz evində kürəyinə, əlinə toxunması buna işarədir.”
Yeri gəlmişkən, həmin o kürəyinə toxunduğu yerdən Moskva senzurası çox maraqlı bir epizodu kəsib atıb. Həmin yerdə Cəbişin arvadı Əbülfəzi yun çubuğunun altına salıb qənşirin çıxardır. Hayıf ki, filmdə həmin yer yoxdur.
Şəfiqə Məmmədova bu obrazı əvəzsiz ifa edib. Yer qoymayıb ki, deyəsən başqa kimsə daha yaxşı ifa edərdi.