Avropa İttifaqının (Aİ) gələcək taleyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Analitiklər təşkilatın daxili ziddiyyətlərinin kəskinləşdiyi barədə fikir söyləyirlər. Bu sırada Böyük Britaniyanın Aİ-dən çıxmağı nəzərdə tutan və "Brexit" adlanan hadisəni ortaya atmasına müxtəlif münasibətlər bildirilir.
Milli.Az newtimes.az-a istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, bu, hər hansı bir dövlətin təşkilatı tərk etməsi ilə deyil, daha dərin və geniş geosiyasi proseslərlə bağlı olan məsələdir. Həmin kontekstdə London-Paris-Berlin siyasi xəttində baş verənlər maraq doğurur. Onlar arasında nüfuz uğrunda rəqabətin yeni səviyyəyə yüksəldiyi vurğulanır. Faktiki olaraq, Avropada yeni siyasi oyunlara başlayıblar. Bunun Aİ üçün hansı nəticələr verə biləcəyi analitiklərin diqqətini çəkir. Eyni zamanda, qlobal siyasətdə hansı trendlərin meydana gələ biləcəyi də aktuallıq kəsb edir. Şübhəsiz ki, bütün bunların müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda geosiyasi vəziyyətə təsiri istisna deyil.
"Brexit": Londonun siyasi manevrinin iflası?
Avropada yeni siyasi oyunun başladığı haqqında fikirlər söylənilir. Böyük Britaniya, Fransa və Almaniya nüfuz uğrunda savaşı gücləndirirlər. Avropa İttifaqına daxil olmalarına baxmayaraq, onlar bunun fonunda öz maraqlarını dəyişən geosiyasi şəraitdə təmin etmək üçün ciddi addımlar atırlar. Bu tezis bir qədər əsassız görünə bilər. Lakin ekspertlər maraqlı arqumentlər gətirirlər ki, bu da Böyük Britaniyanın Aİ-dən çıxması ehtimalı müstəvisində və qitənin böyük dövlətləri arasında rəqabətin xarakteri işığında kifayət qədər düşündürücü təsir bağışlayır.
Məlumdur ki, Londonun Aİ-ni tərk etməsi obrazlı olaraq "Brexit" (ingiliscə: "Britain" və "exit" sözlərinin birləşməsi) adlanır. Artıq bu, siyasi termin kimi işlədilir. Yəni, "Brexit" sadəcə yeni söz deyil, özündə konkret siyasi məzmun daşıyan anlayışdır. Ekspertlərə görə, "Brexit" Aİ-yə daxil olan böyük dövlətlər arasında liderlik uğrunda rəqabətin güclənməsi nəticəsində Londonun ortaya atdığı siyasi-diplomatik manevrdir. Konkret olaraq baş nazir Devid Kemeron bu addımla Böyük Britaniyanın Qərbin aparıcı dövləti olduğunu sübut etmək istəyib: İngiltərə Aİ-dən çıxdığı halda, bu təşkilatın çökməsi zaman məsələsi olar.
Aİ rəsmiləri bu barədə açıq fikir bildirirlər. Məsələn, Lüksemburqun xarici işlər naziri Jan Asselborn Almaniyanın "Der Tagesspiegel" nəşrinə verdiyi müsahibədə xəbərdar edib: ""Brexit"in Şərqi Avropada "domino effekti"ni yaratmasını istisna etmək olmaz" (bax: Asselborn: EU-Gründerstaaten müssen nach einem Brexit Botschaft für Integration senden / "www.tagesspiegel.de", 18 iyun 2016). Özü də bu, Britaniyanın Aİ-də qalıb-qalmaması ilə bağlı referendumun nəticələrindən asılı deyil. J.Asselbornun fikirincə, "ox yaydan çıxıb" və məsələ presedentin mövcudluğundadır. Londonun bütün mümkün nəticələri hesablamadan siyasi manevr üçün atdığı addım Avropada mərkəzdənqaçma tendensiyasını alovlandıra bilər.
Bəs D.Kemeron peşimandırmı? Müəyyən mənada, bəli. Çünki indi o, ölkənin Aİ-də qalması üçün kampaniya aparır. O, "Brexit" baş tutarsa, "Avropada barışın təhlükəyə girə biləcəyi"ndən narahatlığını ifadə edib. Böyük Britaniyanın baş naziri Aİ-nin bir-birinə düşmən ölkələri uzlaşdırdığını ifadə edib. Buna görə, əgər Britaniya İttifaqı tərk etsə, "Avropada geriyə, rəqabətçi milliyyətçilik dövrünə qayıdış baş verəcək" (bax: İngilterede referandum hazırlığı / "Habertürk", 10 may 2016).
D.Kemeron təcrid siyasətinin Böyük Britaniyaya heç zaman fayda vermədiyini deyib. Onun sözlərinə görə, Avropada baş verənlər Britaniya üçün çox böyük əhəmiyyət kəsb edir. Əgər proseslər arzu olunan istiqamətdə getməzsə, bundan Londonun zərər görməycəyini düşünmək sadəlövhlükdür (bax: əvvəlki mənbəyə).
Bunlar kifayət qədər ciddi mesajlardır və vəziyyətin Böyük Britaniyanın daxili durumu ilə məhdudlaşmadığını təsdiqləyir. D.Kemeron, ümumiyyətlə, Qərbi sarsıda biləcək proseslərin meydana çıxacağından bəhs edir. Ancaq məsələ də ondan ibarətdir ki, məhz bu məqama görə D.Kemeron "Brexit" oyununu ortaya atıb. Bu aspektdə "Brexit" birbaşa Avropada getdikcə daha da kəskinləşən siyasi rəqabətdən qaynaqlanır. D.Kemerona müxalif olan qüvvələr də ilk növbədə bu aspektə işarə edərək, ölkənin təşkilatı tərk etməsi zərurətini əsaslandırmağa çalışırlar. Onların sırasında ədliyyə naziri, Mühafizəkarlar Partiyasından olan Maykl Qov və Londonun keçmiş bələdiyyə sədri, mühafizəkar Boris Conson xüsusi fəallıq nümayiş etdirirlər.
B.Conson baş nazir D.Kemeronun cəmiyyəti çaşdırdığını deyir. O bildirib ki, "İngiltərə Aİ-dən ayrıldıqda, Avropada 3-cü Dünya müharibəsi baş verməyəcək" (bax: əvvəlki mənbəyə). Çünki təhlükəsizliyi Aİ deyil, NATO təmin edir. Bu təşkilatın isə kiminləsə müharibə etmək planı yoxdur. Xüsusilə Böyük Britaniyanın Aİ-dən çıxmasının onun NATO-dakı fəaliyyətinə hər hansı mənfi təsiri ola bilməz. Əksinə, Aİ-nin antidemokratik addımları ilə Böyük Britaniyanı xaosa sürükləməsindən yaxa qurtarmaq mümkün olacaq.
Aİ-nin təhlükəsizliyi: təhdidlər qarşısında siyasi çaşqınlıq
"Brexit" tərəfdarlarının bu fikirlərinə baxmayaraq, proseslərin Avropanın təhlükəsizliyi aspektində dərinliklərə getdiyini Brüssel də etiraf edir. O cümlədən Almaniya və Fransa rəhbərliyi yaranmış vəziyyətdən ciddi narahatlıqlarını gizlətmirlər. İyunun 16-da Fransanın xarici işlər naziri Jan-Mark Ayron almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşərək "Brexit"in mümkün nəticələrini müzakirə ediblər.
Görüşdə F.-V.Ştaynmayer bildirib ki, "Referendumda ayrılmağa "hə" deyilərsə, İttifaq sarsılacaq. Bu, 28 üzvdən hər hansı birinin ayrılması deyil (yəni, Böyük Britaniya təşkilat üçün çox önəmlidir - müəllif). Aİ-nin vahid olması və onillərdir davam edən çox uğurlu inteqrasiya prosesinin dağılmağa çevrilməməsi üçün birlikdə fəaliyyət göstərmək gərəkdir. Bir Avropa dövlətini digərinin qarşısına gətirə biləcək milliyyətçiliyə təkrar qayıda bilmərik" (bax: "İngiltere ABden çıkarsa birlik dağılabilir" / "Habertürk", 17 iyun 2016).
Almaniyanın xarici işlər nazirinin bu fikirləri bir sıra qaranlıq məqamlara işıq salır. Aydın olur ki, Paris və Berlin Böyük Britaniyanın Aİ-dən çıxmasını qəbul etmirlər. Bu, onların birbaşa geosiyasi maraqları ilə əlaqəlidir. Biz bir qədər sonra məsələnin bu aspekti üzərində daha geniş dayanacağıq. Burada vurğulayaq ki, F.-V.Ştaynmayer siyasi aspektdə əhəmiyyətli bir məqamı "Brexit"lə əlaqələndirib. O, reallıqda Aİ-nin təşkilat kimi mövcudluğu məsələsinin aktuallaşdığını ifadə edib.
Belə ki, Avropada milliyyətçilik getdikcə güclənir ki, bu da təşkilatda mərkəzdənqaçma tendensiyasını daha da gücləndirir. Xüsusilə Şərqi Avropa ölkələrində vəziyyət gərgindir. Orada milliyyətçi və separatçı siyasi cərəyanlar seçkilərdə getdikcə daha çox səs qazanırlar. Bu prosesin qitədə əhatə dairəsi genişlənir. Milliyyətçilik şovinizm və islamofobiya ilə kəsişir. "Brexit"də də bu əlamət özünü göstərir. Hazırda bu faktor Londonun siyasi səhnəsində o dərəcədə güclənib ki, ölkə rəhbərliyi açıq surətdə buna münasibət bildirir. Məsələn, xarici işlər naziri Filip Hammond "Brexit"i dəstəkləyənləri "cahil" adlandırıb. Konkret olaraq o, Türkiyənin Aİ-yə üzvlüyünün sürətləndiyi bəhanəsinin İngiltərənin təşkilatdan çıxması üçün səbəb olduğunu deyənlərə üz tutaraq, "acınacaqlı bir cahillik var", - deyib (bax: İngiltere Dışişleri Bakanı, Brexit destekçilerini cahillikle suçladı / "Habertürk", 17 iyun 2016).
Məsələ ondan ibarətdir ki, bir neçə ingilis siyasətçisi baş nazir D.Kemerona rəsmi məktub göndərərək Türkiyənin Aİ-yə üzvlüyü məsələsinin sürətlənməsi səbəbindən Londonun dərhal bu qurumu tərk etməsinin lazım olduğunu ifadə ediblər. Doğrudan da, böyük nadanlıq əlaməti olan bu addımı atanlar ölkənin ciddi siyasətçilərindəndir. Onların sırasında hazırkı ədliyyə naziri də vardır. Deməli, söhbət İngiltərədə hökm sürən islamofobiyanın bir növündən gedir. Axı Türkiyənin Aİ-yə üzvlüyü Britaniyanı niyə narahat etməlidir? Əslində, buna səbəb yoxdur. Geosiyasi maraqlar baxımından isə həmin siyasilər hesab edirlər ki, Türkiyənin təşkilata üzv olması ilə Londonun mövqeyi zəifləyir. Britaniya, Almaniya və Fransa ilə birlikdə 78 milyonluq Türkiyə Aİ-də xüsusi söz sahibi ola bilər. Bu isə Böyük Britaniyanın qlobal miqyasda liderlik iddiasına uyğun deyil.
Bununla yanaşı, baş nazirə məktub ünvanlayanlar, ümumiyyətlə, müsəlman faktoruna mənfi münasibətlərini ifadə edirlər. Onlar Türkiyənin Aİ-yə üzv olması ilə İslam haqqında avropalıların fikirlərinin müsbətə doğru dəyişə biləcəyindən ehtiyatlanırlar. Bu isə bir sıra dairələrin uzun illərdir istifadə etdiyi süni "ikili standart"ın əldən çıxması deməkdir.
Ona görə də Türkiyə məsələsini heç bir aidiyyəti olmadan "Brexit"ə, yəni Böyük Britaniyanın Aİ-də qalıb-qalmama məsələsinə qatmağa çalışırlar. Onlar hətta Ankaranın İraq və Suriya siyasətinə görə, İngiltərənin Aİ-dən çıxmasını əsaslandırmaq üçün bəhanə kimi göstərirlər.
Əslində, baş nazir D.Kemeron bir qədər əvvəl bu amillə bağlı da manevr etmişdi. O, Türkiyənin yaxın onillərdə Aİ-yə üzv ola bilməyəcəyini bildirmişdi. Bununla, görünür, o, "Brexit" tərəfdarlarının bəhanələrindən birinin önünü kəsməyə cəhd edib. Ancaq görünür ki, bu manevr də nəticə vermir. İndi həmin dairələr ingilis hökumətinin Türkiyənin təşkilata üzvlüyü məsələsini əngəlləməyi, eyni zamanda, viza rejiminin ləğv olunmasının qarşısının alınmasını tələb edirlər.
Həqiqətən, Böyük Britaniyanın xarici işlər naziri haqlıdır - bu adamlar bir tərəfdən siyasi baxımdan cahildirlər, digər tərəfdən islamofobiya mərəzinə tutulmuş və ultraşovinist psixologiyalı kəslərdir. F.Hammond bir daha bəyan edib ki, üzvlüklə bağlı heç bir sürətlənmə yoxdur. Türkiyənin Avropa dəyərlərini tam qəbul edəcəyinə qədər bu proses sürəcək. O da həm Aİ-yə, həm də Türkiyəyə fayda verəcək. Bəs onda ingilis siyasi dairələri nəyə görə bu bəhanəni ortaya atırlar? Onlar Böyük Britaniyanın mühafizəkar siyasi qanadına aiddirlər və imperiya xülyaları ilə yaşamaqdadırlar.
Mütəxəssislər diqqəti ona yönəldirlər ki, buraya siyasi isteblişmentin əksər hissəsi, kral ailəsi üzvləri və uzun müddət hakimiyyətdə olmuş kəsim daxildir. Onda belə çıxır ki, "Brexit" adi proses olmayıb, İngiltərənin qlobal siyasətdə oynamalı olduğu rolla sıx bağlıdır. Bir daha vurğulayaq ki, bu qənaət referendumun nəticələrindən asılı deyil - söhbət İngiltərənin hazırkı mərhələdə dünyadakı rolu və yerinin yeniləşməsindən gedir.
Çox maraqlı məqamlardan biri ondan ibarətdir ki, mütəxəssislərin "Brexit"in İngiltərə və Avropa üçün bütün aspektlərdə olduqca ziyanlı olacağını təsdiqləyən faktlar ortaya qoymasına baxmayaraq, ölkənin ictimai rəyi son aylarda "hə" cavabına meyllənib. Belə ki, "Ipsos MORI"nin may ayında apardığı sosioloji sorğuda rəyi soruşulanların 53%-i İngiltərənin Aİ-ni tərk etməsinə tərəfdar olduğunu bildirib. Siyasətçilərin müəyyən məqsədlərlə apardıqları oyunlardan başqa, burada söhbət vətəndaşların mövqeyinin dəyişməsindən gedir. Əvvəlki aylarda nəticələr tamamilə əksinə idi. Aprel ayındakı sorğuda ingilislərin cəmi 37%-i "Brexit"i dəstəkləyirdi (bax: əvvəlki mənbəyə).
Almaniyanın yeni iddiaları: Avropa qarışır
Bütün bunlar "Brexit" oyununun əsl məzmununun göründüyü kimi olmadığını göstərir. Ekspertlərin rəyinə görə, məsələnin kökü, yuxarıda vurğuladığımız kimi, Aİ-də Böyük Britaniya, Fransa və Almaniya arasında geosiyasi mübarizənin daha da kəskinləşməsinə bağlıdır. Berlin hələ bir neçə il öncə müstəqil qlobal güc olmaq niyyətində olduğunu rəsmi bəyan etdi. Almaniya artıq çox güclü iqtisadiyyata, maliyyə ehtiyatlarına və cəmiyyətə malikdir. Bu ölkə dünya miqyasında getdikcə daha yüksək tonda fikir bildirir, müxtəlif regionlardakı proseslərə təsir göstərir. Bir sözlə, Almaniya Aİ-də liderlik edir və bu prosesi daha da inkişaf etdirməkdədir. Bu məqam London və Parisi elə də qane etmir. Xüsusilə Böyük Britaniya əsrlərdir ki, etdiyi hökmranlığı itirmək arzusunda deyil.
Buraya digər faktorlarla yanaşı, İngiltərənin enerji sahəsində aparıcı rolu da daxildir. Məlumdur ki, dünyada enerji sferasında əsas olaraq ingilis şirkətləri aparıcılıq edirlər. O cümlədən Cənubi Qafqazdakı enerji layihələrində Böyük Britaniya söz sahibidir. Son illər London bu regionda fəallıq göstərir. Almaniyanın yeni iddiaları həm də bu vəziyyətə mənfi təsir göstərə bilər. Fransa bu aspektdə İngiltərə ilə eyni mövqedədir. Hətta bir sıra KİV-orqanının yaydığı məlumata görə, London və Paris ortaq hərbi "baş qərargah" yaradıblar. Fransızlardan bunun kimlərə qarşı olduğunu soruşduqda, adətən, "Vaşinqton və Berlinə qarşıdır", cavabını verirlər.
Bunun dəqiq belə olub-olmadığını demək çətindir. Ancaq faktdır ki, Fransa Nikola Sarkozi dönəmindən sonra bir sıra regionlara təsirini minimuma endirib. Paris, faktiki olaraq, qlobal siyasətdə əvvəlki mövqeyini saxlaya bilmir. Deyək ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Parisin hadisələrə təsiri çox ciddi oldu. N.Sarkozinin hər iki ölkəyə səfəri, fransız diplomatiyasının fəallığı öz bəhrəsini verdi.
Lakin eyni vəziyyət Suriya məsələsində təkrar olunmadı. Fransızlar indi daha çox terrordan müdafiə olunmağın yollarını axtarırlar ki, bu da avtomatik olaraq ölkədə radikal milliyyətçiliyi alovlandırır. Həm də bu, Almaniyanın nəinki Avropada, hətta bütün dünyada belə geosiyasi fəallığını yüksəltdiyi bir dövrə təsadüf edir.
Təbii ki, Londonun hadisələrin bu cür gedişatına öz münasibəti vardır. Böyük Britaniya iqtisadiyyatında almanların çəkisi artır. Berlin maliyyə məsələsində də öz diktəsini edir. İngiltərə isə bunlara qarşılıq olaraq Aİ-nin Londonsuz mövcud ola bilməyəcəyi faktını ortaya qoymağa çalışır.
Doğrudan da, F.-V.Ştaynmayer və J.-M.Ayronun yuxarıda gətirdiyimiz fikirləri göstərir ki, Böyük Britaniya Aİ üçün sıradan bir ölkə statusunda deyil. Onun mövqeyindən İttifaqda çox şeylər asılıdır. Belə çıxır ki, D.Kemeron təşkilata sübut edib ki, London olmadan Aİ yoxdur. Ancaq bununla əsas məsələ həll edilmir.
Həmin kontekstdə mütəxəssislər Rusiya və Türkiyə faktorunun Aİ-dəki real siyasi vəziyyətə təsirini də nəzərə almağın zəruriliyini vurğulayırlar. Daha çox Moskva ilə münasibətlər Aİ-ni narahat edir. İndi onlar arasında Şərqi Avropa uğrunda siyasi-ideoloji və diplomatik savaş gedir. Son dövrlərdə isə bu rəqabətdə hərbi aspekt daha da qabarıb.
NATO-nun Polşada hərbi təlim keçirməsinə Kreml sərt reaksiya verib. Moskva da analoji təlimlərə başlayıb. Aİ-də bu vəziyyətə münasibət birmənalı deyil. Hətta Rusiyanı yeni doktrinasında əsas təhlükələrdən biri hesab edən Almaniya NATO-nun bu addımını yanlış hesab edir. Xarici işlər naziri F.-V.Ştaynmayer "Saber Strike" təlimlərinin Alyansın şərq sərhədində təhlükəsizliyi təmin edəcəyinə inanmağın doğru olmadığından danışıb. O deyib: "Kimlər ki, Alyansın şərq sərhədlərində tankların rəmzi paradının daha çox təhlükəsizliyi gücləndirdiyini hesab edir, onlar yanılırlar" (bax: Штайнмайер заявил о заинтересованности Германии в партнерстве с Россией / "РИА Новости", 19 iyun 2016). Ancaq təlimlərdə Böyük Britaniya və Almaniya hərbçiləri də iştirak edirlər. Bu reallığın alman nazirin bəyanatı ilə ziddiyyət təşkil etdiyini görməmək mümkün deyildir.
Türkiyə ilə bağlı yaranmış vəziyyəti yuxarıda vurğuladıq. Burada deyilənlərə onu əlavə edək ki, London, Paris və Berlin Ankaraya münasibətdə eyni mövqedədirlər. Onların heç biri güclü Türkiyənin Aİ-yə üzv olmasını istəmirlər. Onu da Rusiya qədər özlərindən kənara itələyirlər. Ancaq Moskva təşkilat üçün daha böyük təhlükə hesab edilir. Çünki Kremlin nüvə imkanları genişdir və hərbi cəhətdən Avropadan çox güclüdür (bəzi hesablamalara görə, hərbi potensial cəhətdən Rusiya 8 dəfə güclüdür).
Aİ-yə daxil olan 28 ölkənin təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli olan bir dövrdə Böyük Britaniyanın təşkilatı tərk etmək ideyasını ortaya atması nəyi ifadə edir? Belə görünür ki, Avropada daxili ziddiyyətlər çox kəskinləşib. London kənara çəkilməklə Berlinin təsiri altına düşməkdən xilas olmağa çalışır. Amerika da bu məsələdə onu dəstəkləyir. Vaşinqton Almaniyanın həddən çox güclənib qlobal miqyasda rəqibə çevrilməsini istəməz. Həmin bağlılıqda ABŞ-ın Aİ-də real lider olmasını arzulamadığı da aydın duyulur. Təbii ki, amerikalılar bütövlükdə bu təşkilatın güclü olmasını istər, ancaq orada özünə rəqib ola biləcək kimsənin mövcudluğuna "hə" deməz.
İngiltərənin də öz planları var. London yeni siyasi oyuna başlamaqla tarixən mövcud olan hökmranlığına qayıtmaq istədiyini büruzə verir. Fransa tam olaraq onun yanında deyil. Lakin XX əsr təcrübəsinə əsaslanaraq, Paris Berlindən çox, Londonla dil tapa biləcəyinə ümidlidir. Böyük Britaniya isə ayrıca müstəqil qlobal gücə çevrilmək xəyalı ilə hərəkət edir. Ona digərləri, o cümlədən Paris, bu məqsədə çatmaqda yalnız yardımçı kimi lazımdır.
London miqrant məsələsində Brüssellə məsuliyyəti bölüşmək istəmir, Şengendən qaçır, Şərqi Avropa ölkələrindən olan işçilərə sosial təminat məsələsindən yayınır və təşkilatda inteqrasiya proseslərinin bir sıra aspektləri ilə razılaşmır. Adi dildə deyilsə, İngiltərə Aİ müstəvisində heç bir ölkənin təsiri altına düşmək istəmir. "Brexit" tərəfdarları bu səbəbdən "müstəqil İngiltərə uğrunda" şüarı ilə hərəkət edirlər. Bir neçə gün əvvəl Aİ-də qalmaq tərəfdarı olan bir deputatı qətlə yetirən ingilis açıq bildirib ki, ölkənin müstəqilliyinə əngəl olan hər kəsə qarşı belə hərəkət edərdi.
Beləliklə, Aİ-də siyasi vəziyyət son dərəcə gərginləşib. Bir sıra ölkələr təşkilatın perspektivlərinə şübhə ilə yanaşırlar. Xüsusilə Böyük Britaniya, Fransa və Almaniya arasında liderlik uğrunda rəqabət güclənib. "Brexit" bunun əlamətlərindən biridir. Bu səbəbdən referendumdan sonra bu məsələnin sona çatacağını düşünmək risklidir.
Bundan başqa, Almaniya lider olmaq iddiasından əl çəkmir. Fransa da mövqeyini gücləndirməkdə davam edir. Əlavə olaraq, Şərqi Avropa ölkələri təşkilatdan uzaqlaşmaq meylinə düşürlər. İsveçrə, ümumiyyətlə, Aİ-yə üzv olmaqdan imtina edib. Siyasi oyunlar isə davam edir. Avropalıları daha hansı sürprizlərin gözlədiyini demək çətindir. Ancaq ziddiyyətlərin yeni mərhələyə yüksəlməsi ehtimalı da az deyil.