Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) növbəti günün yarışlarına start verilib.
Unikal.org-un məlumatına görə, 4-cü oyun günündə cüdoçular mübarizəyə qoşulub. Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında yarımfinala yüksəlib.
60 kq çəki dərəcəsində mübarizə aparan Bayramov ilk cəhddə avstriyalı Adam Saferi, ikinci görüşdə isə Yunanıstan təmsilçisi Mikis Tondinidisi məğlub edib. O, finala gedən yolda türkiyəli cüdoçu Muhammed Demirelin müqavimətini qırmağa çalışacaq.
Şükran Zamanlı (55 kq) birinci görüşdə portuqaliyalı Migel Qaqonu məğlub etsə də, ikinci dueldə macarıstanlı Bence Farkaşa uduzub və təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb.
50 kq-da çıxış edən İsmayıl Qənbərli ilk cəddə rusiyalı həmkarı Sergey Mastryukovla bacarmayıb. Onun rəqibi növbəti görüşdə məğlub olduğu üçün Azərbaycan cüdoçusu mübarizəni dayandırıb.
Qadınların mübarizəsində Gülşən Bəşirova (44 kq) ispaniyalı Mariya Qonzalesi məğlub etsə də, bolqarıstanlı Anastasiya Balabana uduzub. Bəşirova təsəlliverici görüşlərdə iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan idmançıları bu gün həmçinin gimnastika, basketbol, üzgüçülük, atletika və voleybol idman növlərində çıxış edirlər