Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb.

"Unikal" federasiyanın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandası qitə birinciliyini 3 medalla tamamlayıb. 

İlk yarış günündə Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Nizami İmranov (-66 kq) isə turniri bürünc medalla tamamlayıb. 

Daha əvvəl yeniyetmələr arasında 2 qat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında -66 kq çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub. 

Qeyd edək ki, Fərid Qarayev (-60 kq) yarışı 5-ci, Əbil Yusubov 7-ci pillədə başa vurub. 

Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.