Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 22-də Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezi qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nazir ölkəmizdəki diplomatik fəaliyyətində ona uğurlar arzulayıb, fəaliyyəti müddətində Azərbaycan-Fransa münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Fransanın Azərbaycanın müstəqilliyini tanıyan, respublikamızda səfirliyi fəaliyyətə başlayan ilk dövlətlərdən biri olduğunu xatırladan nazir son illər ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.
R. Usubov Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Fransanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu» layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğu, həmin sənədin imzalanmasının əlaqələrin daha da inkişafına əlverişli hüquqi zəmin yaradacağı bildirilib. Nazir həmçinin insan hüquq və azadlıqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində əhəmiyyətli işlər görüldüyünü, DİN rəhbərliyinin bu işə xüsusi həssaslıqla yanaşdığını nəzərə çatdırıb.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb. Xüsusən terrorçuluqdan ölkəmizin hər zaman əziyyət çəkdiyini xatırladan nazir ötən il Parisdə baş vermiş terror hadisələri zamanı dinc və günahsız vətəndaşların həlak olması ilə əlaqədar səfirə bir daha başsağlığı verib.
Xanım Orelia Buşez səmimi qəbula, ətraflı məlumata və başsağlığına görə təşəkkür edib, ölkəmizdə tolerantlıq mühitinin, multikultural dəyərlərin hökm sürməsindən məmnunluğunu, fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.