İyunun 22-də Zirə Cümə məscidi kompleksi istifadəyə verilib.
Unikal.org xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib. Həm ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafı diqqət mərkəzində saxlanılıb. Son bir neçə ildə ölkədə onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib. Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi fəaliyyəti ilə seçilib. Xəzər rayonunun Zirə qəsəbəsində Zirə Cümə məscidinin əsaslı təmirdən sonra istifadəyə verilməsi milli mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.
Zirə Cümə məscidi kompleksi paytaxtın ən qədim dini ibadətgahlarından biri olub. Uzun keçmişlər bu dini ocağın da həyatında öz izini qoyub. Tədricən yararsız vəziyyətə düşən məscidin ərazisində 2015-ci ilin əvvəllərindən başlanan tikinti işləri qısa vaxtda yeni məscid kompleksinin yaranması ilə nəticələndi. Yüksək keyfiyyətlə aparılan inşaat işləri sayəsində paytaxtın ən gözəl dini ibadətgahlarından biri yenidən öz qapılarını insanların üzünə açdı.
Ümumi sahəsi 3 min 400 kvadratmetr olan məscid kompleksinin hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb. Kompleksin əsas hissələrindən biri olan zalda dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Kompleksin ərazisində kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Texniki və yardımçı otaqlar da məscid kompleksinin əhəmiyyətini daha da artırır. Kompleksin ərazisində geniş yaşıllaşdırma işləri görülüb.
Kompleksin axundu sakinlər adından Azərbaycanın birinci xanımını salamlayaraq Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Xəzər rayonunda böyük abadlıq və quruculuq işlərinin görüldüyünə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, indi rayonda yeni məktəblər, xəstəxanalar, stadionlar qurulub.
Zirə Cümə məscidinin təmirdən sonra istifadəyə verilməsinin Qurani-Kərimin nazil olduğu Ramazan ayına təsadüf etdiyini deyən məscidin axundu ölkəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirdi. İyirmi dörd ildir ki, bu məsciddə fəaliyyət göstərdiyini deyən dini ibadətgahın axundu bundan sonra da məscidin insanlara xidmət edəcəyini vurğuladı, sakinlərin sevincinin həddi-hüdudu olmadığını söylədi.
Müqəddəs Ramazan ayında yeni məscidin açılışı münasibətilə xalqımızı təbrik edən Mehriban Əliyeva son illər Azərbaycanda həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən yüzlərlə məscidin tikildiyini bildirdi. Heydər Əliyev Fondunun prezidenti xüsusi qeyd etdi ki, təkcə Xəzər rayonunda dörd məscid yenidən inşa olunub.
Xəzər rayonunun sakinləri onlara bəxş edilən sevincə görə minnətdarlıqlarını bildirdilər. Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə hər görüşünü məmnunluqla xatırladı, fəaliyyətində onların dəstəyini, məhəbbətini hiss etdiyini vurğuladı. Mehriban Əliyeva qəsəbə sakinlərinə onun böyük hörmətini və təbriklərini çatdırmağı xahiş etdi.
Heydər Əliyev Fondunun prezidentinə Qurani-Kərim hədiyyə olundu.