Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Unikal.org bildirir ki, Lənkəran Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsü istintaqla hələlik müəyyən edilməyən avtomobil Ağdam rayonundan olan məcburi köçkün, Bərdə şəhər sakini, 1944-cü il təvəllüdlü Qurban Yelmar oğlu Abbasovu vurub.
Ağır dərəcəli bədən xəsarətləri alan yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hazırda sürücünün tutularaq istintaqa cəlb edilməsi istiqamətində işlər aparılır.
Ötən gün də oxşar hadisə Sabirabad rayonunda baş verib. Qaragüney kəndi ərazisində 1962-ci il təvəllüdlü Məhərrəm Süleymanov yolu keçmək istəyərkən sürücüsünün şəxsiyyəti hələlik istintaqla müəyyən edilməyən "VAZ 2106" markalı avtomobil tərəfindən vurulub.
Ağır bədən xəsarətləri alan 54 yaşlı kişi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.