Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış "Qatil" tamaşası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, bəstəkarı əməkdar incəsənət xadimi Aygün Səmədzadə, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşada rolları xalq artisti Səidə Quliyeva, əməkdar artistlər Münəvvər Əliyeva, Elxan Quliyev və aktyor Hikmət Rəhimov oynayıb.
"Qatil" tamaşasının mövzusu qadın sevgisindən bəhs edir. Tamaşanın süjet xətti uzun müddətdir müəllimə işləyən bir qadının faciəli həyatı üzərində qurulub.
Saxtakar, yalançı, fırıldaqçı oğlan başı ancaq şagirdlərinə qarışan, tənha, yaşı ötmüş, sevgi gözləyən müəllimin həyatına girir. O, yalanlarla saf qadının təmiz hisslərinin qatili olur. Müəllimin evini və ürəyini zəbt edən oğlan sonda onu qatil edir.
Sosial dəyişikliklər fonunda dərin mənəvi-psixoloji reallıqları əks etdirən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.