Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Görədil kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Görədil kənd məktəbinin inzibatı binasında baş tutan qəbulda rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədova səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.
Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını qeyd edib.
Sonra Abşeron RİH başçısının Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Hümmətov, Görədil bələdiyyəsinin sədri Arif Məşədiyev hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.
Daha sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev və kənd sakinlərini çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.