Xəbər verdiyimiz kimi paytaxtın Binəqədi rayonunda 48 yaşlı kişi həyat yoldaşını və qaynanasını qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən Vaqif Hüseynov ərazidən uzaqlaşmaq istəyərkən, “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub və o Kliniki Tibbi Mərkəzə aparılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, V.Hüseynov 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. O, bədənin müxtəlif hissələrindən xəsarət alıb. Müayinə zamanı döş qəfəsində ağciyərin əzilməsi, sol tərəfdə 5,6,7,8,9-cu qabırğaların sınığı diaqnozu qoyulub. Onun həyatı təhlükəsi yoxdur, huşu özündədir və ona verilən sualları cavablandıra bilir. Barəsində cinayət işi açıldığı üçün o, polis nəzarətindədir.
Xatırladaq ki, hadisə Bakının Binəqədi rayonu, Aşurbəyov küçəsi 22 ünvanında baş verib. Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılova və qayınanası, 85 yaşlı Luiza İsmayılovanı qətlə yetirib. V.Hüseynov daha sonra hər iki meyitin üzərinə alışdırıcı maddə tökərək yandırıb. Faktla bağlı Bakı şəhəri Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə) maddə ilə cinayət işi başlanıb, istintaq aparılır.
Famil Fərhadoğlu