Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq oktyabrın 18-də İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.
Unikal.org xəbər verir ki, iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev çıxış edərək müşavirədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirdiyini vurğulayıb. Belə ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər və köklü islahatlar nəticəsində bu dövrdə ÜDM 2,5%, qeyri-neft ÜDM-i 3,5% artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7% təşkil edib. Sənayedə 1,7%, qeyri-neft sənayesində 15,6%-lik məhsul istehsalının artımına nail olunub. Toxuculuq sənayesi 39,2%, kimya sənayesi 20,6%, tütün məmulatları istehsalı 78,5%, qida məhsulları istehsalı 15,1%, içki istehsalı 40,4%, ağac emalı və istehsalı 99%, mebel istehsalı 29,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2%, kənd təsərrüfatı 7,1%, rabitə xidmətləri 16,4% artıb. Tikinti sahəsində 5,6% azalma olub.
Azərbaycanın xarici dövlət borcu ÜDM-in 17%-ni təşkil edir. Bu göstəriciyə görə ölkəmiz dünyada doqquzuncu yerdə qərarlaşıb.
Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10,1 mlrd. manat sərmayə yönəldilib ki, 6,3 mlrd. manatı qeyri-neft sektoruna, o cümlədən 1,2 mlrd. manatı qeyri-neft sənayesinə yatırılıb.
İnflyasiya 2,6% təşkil edib, ərzaq məhsulları 3,5%, qeyri-ərzaq məhsulları 1,3%, xidmətlər 2,4% bahalaşıb. Əhalinin gəlirləri 6,7% artıb və inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.
2019-cu ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8% artaraq 25,3 mlrd. ABŞ dolları, xarici ticarət saldosu müsbət 4,5 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft ixracı 15,5% artmaqla 1,4 mlrd. ABŞ dollarına çatıb, sənaye məhsullarının ixracında 13,1%, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6% artıma nail olunub. Bu dövrdə 186 ölkə ilə ticarət əlaqələri aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,7% çoxdur. Xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4% artım müşahidə olunub, ixrac məhsul çeşidlərinin sayı artaraq 2780-ə çatıb. 2020-ci ildə qeyri-neft ixracının 20% artımı proqnozlaşdırılır.
Şahin Mustafayev vurğulayıb ki, müşavirədə dövlət başçısı qarşıdakı dövr üçün mühüm və konkret vəzifələr müəyyənləşdirib. Belə ki, Prezident İlham Əliyev iqtisadi inkişafı şərtləndirən islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi hesabına yüksək iqtisadi artıma nail olunması, bu sahəyə daha çox xarici investisiyaların cəlb edilməsi, sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması və təhlilində əhatəliyin və dəqiqliyin təmin olunması, Sahibkarlığın İnkişafı Fondunun, bank sektorunun və investisiyaların qeyri-neft sektorunun inkişafında və məşğulluğun artırılmasında rolunun gücləndirilməsi, büdcə xərclərinin səmərəliliyi ilə bağlı əsaslı təhlillərin aparılması, şəffaflığın təmin edilməsi və s. istiqamətlərdə tapşırıqlar verib.
Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, əlavə iqtisadi artım mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi, işgüzar fəallığın daha da artırılması, iqtisadi subyektlərin əlavə dəyərin yaradılmasında iştirakının genişləndirilməsi üçün tədbirlərin görülməsi istiqamətində araşdırma və təhlillər aparılır. Bununla yanaşı, beynəlxalq maliyyə institutlarının təcrübəsi nəzərə alınmaqla, dövlət dəstəyi tədbirlərinin və investisiyaların iqtisadi artıma təsirinin qiymətləndirilməsi üzrə yeni metodologiyanın ekspertlərin cəlb olunması ilə hazırlanması işləri həyata keçirilir.
İqtisadiyyatın aparıcı sahələrinin inkişafı istiqamətində görülən işlərdən danışan Şahin Mustafayev dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi tədbirlərinin daha effektiv şəkildə davam etdirildiyini bildirib. Qeyd edək ki, hazırda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 mlrd. manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 mln. manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Bu ilin 9 ayında sənaye parklarında 564 mln. manatlıq məhsul istehsal edilib, bunun 233 mln. manatlıq hissəsi ixrac olunub.
Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili davam etdirilir. Artıq ölkə regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 mln. manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. Sənaye məhəllələrinə daha 90 mln. manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Hazırda ölkənin digər bölgələrində də sənaye zonalarının yaradılması ilə bağlı araşdırma və təhlillər aparılır. Bu ilin sonunadək bölgələrdə daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi) təşkili barədə təkliflər aidiyyəti üzrə təqdim ediləcəkdir.
2019-cu ildə sənayedə ikirəqəmli artıma nail olunması və növbəti illərdə də dinamik inkişafın təmin edilməsi üçün kompleks tədbirlər davam etdiriləcəkdir.
İclasda dövlət investiya proqramı çərçivəsində görülən işlər müzakirə edilib, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması, nəzarətin daha da gücləndirilməsi üçün beynəlxalq təcrübə nəzərə alınmaqla, yeni mexanizmlərin tətbiqinin əhəmiyyətli olacağı vurğulanıb.
İclasda bildirilib ki, investisiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanıb. Özəl sərmayə qoyuluşunun prioritetliyi nəzərə alınaraq, iqtisadiyyatın investisiya cəlbediciliyinin stimullaşdırılması məqsədilə investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“İnvest in Azerbaijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb.
Bundan başqa, Türkiyə, Çin və digər ölkələrdə Azərbaycanın investisiya imkanlarının geniş təqdimatı nəzərdə tutulur. Növbəti illərdə özəl investisiyalarin orta hesabla 11%-lik artımı gözlənilir.
Kollegiyada ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi barədə müvafiq tapşırıqlar verilib. İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən İqtisadiyyat naziri bildirib ki, indiyədək 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxın olan layihələr üzrə 407 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2940 təsdiqedici sənəd verilib. Layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahələrini əhatə edir. Bu layihələrin icrası nəticəsində 27 mindən çox iş yerinin açılacağı gözlənilir. Artıq 245 sahibkarlıq subyekti üzrə 270 layihə fəaliyyətə başlayıb və 19 minə yaxın iş yeri açılıb. 2019-cu ilin 9 ayında isə sahibkarlara investisiya dəyəri 807,6 mln. manat olan layihələr üzrə 75 investisiya təşviqi sənədi verilib, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ümumilikdə 730 təsdiqedici sənəd təqdim edilib.
Ölkə iqtisadiyyatında sənayenin prioritetlərdən olduğunu qeyd edən Şahin Mustafayev bu sahənin inkişaf potensialının araşdırılmasının və təhlillərin aparılmasının intensivləşdirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına konkret təkliflərin hazırlanmasına dair tapşırıqlar verib.
Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin nəqliyyat-tranzit qovşağına çevrilməsi Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur.
Bu ilin 9 ayında ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəticəsində yük daşımaları 1,6% artıb. Bu dövrdə qeyri-neft tranzit daşımaları 43% artmaqla 2,1 mln. tondan çox olub. Şimal-Cənub nəqliyyat dəhlizi ilə tranzit daşımaların həcmində 77%, Şimal-Qərb nəqliyyat dəhlizi ilə tranzit daşımalarda 53% artım qeydə alınıb. Bu sahədə işlərin səmərəliliyinin daha da artırılması əlavə iqtisadi artım üçün yeni imkanlar yaradacaq.
İclasda qeyd olunub ki, bu ilin 9 ayında da özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib. Bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 mln. manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 mln. manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74%-i aqrar sektorun, 26%-i sənaye istehsalı və digər sahələrin, 66%-i regionların, 34%-i isə Bakı qəsəbələrinin payına düşür. 2019-cu ilin 9 ayı ərzində Fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə istifadəyə verilib.
Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq, son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 mln. manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 mln. güzəştli kredit verilib. Bu isə, ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir. Belə ki, 2018-ci ildə 177,4 mln. ABŞ dolları dəyərində 172 min ton pomidor, 325,6 mln. ABŞ dolları dəyərində 319,2 min ton meyvə ixrac olunub. Bu da göstərilən sahəyə güzəştli kreditlərin verilməsinə başlanan illərlə müqayisədə pomidor ixracının 4,3 dəfə (dəyər ifadəsində 9,9 dəfə), meyvə ixracının 70% (dəyər ifadəsində 2.9 dəfə) artması deməkdir.
İxracın dəstəklənməsi məqsədilə 2019-cu ilin 9 ayında 8 beynəlxalq sərgidə sahibkarların vahid ölkə stendi ilə iştirakı təmin edilib, müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub, 90 sahibkarlıq subyektinə 16 ölkəyə 120,4 mln. ABŞ dolları dəyərində məhsul ixracına görə 7,2 mln. manat ixrac təşviqi ödənilib.
Əlavə iqtisadi artım resurslarının cəlb olunması işlərinin tərkib hissəsi olaraq, ölkənin 33 rayonunda 262 min hektar ərazidə ümumi dəyəri 2,4 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 764 mln. manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 192 mln. manat dövlətin güzəştli kredit vəsaitləri ayrılıb. Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 mln. manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi hesabına qənaət olunmuş 25,2 mln. manat vəsait layihələrin icrasına yönəldilib. Aqroparklardan 28-i artıq istifadəyə verilib, ilin sonunadək daha 5-nin istifadəyə verilməsi gözlənilir. Ümumilkdə, bu aqroparklarda 5500 daimi iş yerinin açılması nəzərdə tutulur, artıq istifadəyə verilmiş aqroparklarda 2200 iş yeri açılıb. Aqroparklar və fermer təsərrüfatları tam istifadəyə verildikdən sonra 14 mindən çox iş yerinin yaradılması və ilkin hesablamalara görə, il ərzində 800 mln. manatdan artıq məhsul istehsalı və emalı, xidmətlərin göstərilməsi nəzərdə tutulur.
İclasda mikro, kiçik və orta sahibkarlığın (KOB) iqtisadiyyatda rolunun artırılmasının sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olduğu diqqətə çatdırılıb. Bu baxımdan KOB-lara dəstək məqsədi ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-sentyabr ayları ərzində sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb. Bu dövrdə 8 KOB Dostu fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə KOB dostlarının sayı 18-ə çatdırılıb.
KOBİA-nın dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün mobil emalatxana, Abşeron rayonunda kombi istehsalı zavodu fəaliyyətə başlayıb, Şəmkirdə istixana təsərrüfatının fəaliyyətinin genişləndirilməsinə dəstək göstərilib. Sahibkarlara bütün dövlət-biznes (“G2B”) və biznes-biznes (“B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili və “e-KOB evi” portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Sahibkarların müraciətlərinə baxılmasında yeni institusional platformanın tətbiqi onların mənafelərinin qorunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən amillərdəndir və bu sahəyə xüsusi diqqət yetirilir.
İqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanması prosesi barədə danışan Şahin Mustafayev proqnozların mütəmadi olaraq ölkə iqtisadiyyatının mövcud inkişaf səviyyəsi, qlobal meyillər və çağırışlar nəzərə alınmaqla yeniləndiyini qeyd edib. Bu sahədə işlərin təkmilləşdirilməsi, baş verən iqtisadi proseslərə daha çevik və adekvat yanaşmanın təmin olunması məqsədi ilə Nazirlikdə aparılan institusional tədbirlərin genişləndirilməsi qərara alınıb.
Kollegiyanın sədri vurğulayıb ki, görülən işlər, möhkəm iqtisadi təməl qarşıdakı 2020-ci ildə inkişafın davamlılığına əsas yaradır. Belə ki, ÜDM-in real artımının 3%, o cümlədən neft sektoru üzrə 1,6%, qeyri-neft sahəsində isə 3,8% təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 4,8% artacaq.
Xidmətlər sektorunda artımın 3,6%, nəqliyyatda 4,4%, rabitə və informasiyada 8,7%, ticarətdə 4,5%, turizmdə 6% olacağı gözlənilir. Proqnozlara görə, 2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 65%-i ötəcək.
2020-ci ildə əsas kapitala investisiya qoyuluşunun 18,3 mlrd. manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 mlrd. manatı daxili, 6,1 mlrd. manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu investisiyaların 7,7 mlrd. manatı neft sektoruna, 10,6 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldiləcək. Əsas kapitala yönəldiləcək investisiyaların 11,1 mlrd. manatı və ya 60%-dən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaqdır. İnvestisiyalarda bank sektorunun rolunun artırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, maliyyə dərinliyi (kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 2014-cü ildəki 51%-dən 2019-cu ilin avqust ayının sonuna 27,8%-ə enib. Qeyri-neft investisiyalarına əsaslanan artımın əldə edilməsi üçün iqtisadi fəaliyyət subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maliyyə dərinliyinin Strateji Yol Xəritəsində müəyyən olunmuş 60%-ə çatdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Buna nail olmaq vacibdir.
Kollegiyanın sədri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, müşavirədə verilmiş proqram xarakterli hər bir tapşırıq üzrə ayrıca geniş və əhatəli Tədbirlər Planının hazırlanması qərara alınıb.
Kollegiya iclasında həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyinin təltif olunmuş bir sıra əməkdaşlarına medal və onların vəsiqələri təqdim edilib.
İqtisadiyyat naziri Şahin Mustafayev əməkdaşların fəaliyyətinə verilən yüksək qiymətə görə Nazirliyin kollektivi adından dövlət başçısına dərin minnətdarlığını ifadə edərək, kollektivin göstərilən böyük etimadı doğruldacağını vurğulayıb.