Azərbaycan qazını Suriyaya nəql edən boruların potensialı 6 milyon kubmetrdir. Sadəcə, ilkin mərhələdə 4,3 milyon kubmetr qazın nəqli nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya nəqlinə dair keçirilən mərasimdən sonra deyib.
“Azərbaycanlı qardaşlarımıza bu dəstəyə görə təşəkkür edirəm. Təbii ki, bu razılaşma hər iki ölkə başçısının sonuncu görüşündən sonra baş tutub. Bu, birbaşa Suriya xalqının rifahına və elektrik enerjisi ilə davamlı təminatına xidmət göstərəcək. Bu layihə sonuncu deyil, ilk layihədir. Bundan sonra da bizim birgə layihələrimiz olacaq. Azərbaycanın iqtisadiyyat naziri, qardaşım Mikayıl Cabbarov ilə də bir az öncə görüləcək işlərlə bağlı müzakirələr apardıq. Texniki qrupların qarşılıqlı şəkildə səfərləri təşkil olunacaq. Azərbaycanın Suriyada investisiya ilə bağlı proqram və layihələrini müzakirə etdik”, - deyə Suriyanın energetika naziri bildirib.