Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransı keçirilib.
Unikal.org open.az-a istinadən xəbər verir ki, xalq artisti Afaq Bəşirqızı bu dəqiqələrdə TXİ-ni boykot edərək, zaldan çıxıb.
"Mən orada özümü görmədim. Hətta söz demək də istəmədim. Bilirsiniz söz üçün cibə də girmirəm. Xahiş də etmədim mənə söz versinlər. Çünki bu, çox böyük şübhə altında idi. Amma əsa odur ki, media var, demokratiya var. Ən əsası da mənim dövlətim, dövlətçiliyim və Prezidentim var. Mən Prezidentə müraciət etmişəm. Sözlərimin heç birində yalan və riyakarlıq yoxdur. Sözlərimin üsütndə dururam və ağasıyam. Və mən Cənab Prezidentimizin reaksiyasını gözləyirəm. Prezident İlham Əliyevin dünənki çıxışından sitat gətirmək istəyirəm. O, yaşı 70-dən yuxarı olan məmurları Hacıbaba Abutalıbovdan nümunə götürməyi məsləhət gördü, mən də Azər Paşa Nemətə bunu tövsiyə edirəm", - deyə A.Bəşirqızı bildirib.
Xalq artisti Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini sərt tənqid edib: "Aktyorların hamısının ad almaq imkanı yoxdur. Ona görə də həyat şəraitləri pisdir. Cənab Prezidentin qərarı nəticəsində onların aylıq əmək haqları artırıldı. Lakin əmək haqqı ilə sosial problemləri həll etmək mümkün deyil. Buna görə də Azərbaycan Teatr Xadimləri İttifaqı aktyorların problemləri ilə məşğul olmalıdır. Əvvəllər teatrda sənətkar sexləri var idi. İndi bunların heç biri qalmayıb. Biz tamaşalar üçün ayaqqabıları Gürcüstandan alıb gətiririk. Halbuki qabaqlar İttifaqın tərkibində sexlər fəaliyyət göstərirdi. Teatr Xadimləri İttifaqına istər Mədəniyyət Nazirliyi tərəfindən ayrılan vəsait, istərsə də icarəyə verdikləri "İstanbul" restoranından gələn gəlirlər hara gedir? Teatr Xadimləri İttifaqının rəhbəri adi aktyorların taleyini düşünməli, onların sosial problemlərini həll etməyə çalışmalıdır".