Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili 16 871,2 mln. manat, məxarici isə 16 690,6 mln. manat olub, 180,6 mln. manat məbləğində büdcə qalığı yaranıb.
Unikal.org xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, 9 ay ərzində büdcənin mədaxili ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% və yaxud 780,6 mln. manat çox olub.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 608,5 mln. manat məbləğində daxilolmalar təmin edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz və ya 302,6 mln. manat çoxdur. Həmin vəsaitin 70%-i və yaxud 3928,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 438,6 mln. manat və ya 12,6% çoxdur.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3250,1 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,0 faiz və yaxud 649,7 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 377,2 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz və ya 55,7 mln. manat çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 99,4 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 mln. manat və ya 32,9 faiz çoxdur.
Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 7536,0 mln. manat vəsait transfert edilib.
2019-cu ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 6465,7 mln. manat icra olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 190,4 mln. manat və ya 3,0 faiz çoxdur.
2019-cu ilin 9 ayında dövlət büdcəsinin xərcləri 16690,6 mln. manat icra olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz və ya 1024,6 mln. manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq, cari ilin ilk doqquz ayında dövlət büdcəsi xərclərinin 35,3 faizi və ya 5888,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz və ya 478,6 mln. manat çoxdur.
2019-cu ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 8948,5 mln. manatı və ya 53,6 faizi cari xərclərə, 6320,6 mln. manatı və ya 37,9 faizi əsaslı xərclərə, 1421,5 mln. manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5739,6 mln. manat icra olunub.
9 ay ərzində Azərbaycanın icmal büdcəsinin gəlirləri 25566,7 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1694,3 mln. manat və ya 7,1 faiz coxdur. İcmal büdcənin xərcləri 17963,6 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 mln. manat çoxdur. İcmal büdcədə 7603,1 mln. manat qalıq yaranıb.