25 oktyabr 2019-cu il, Bakı – 15 oktyabr 2019-cu il tarixində ölkə rəhbəri cənab İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib, dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının müxtəlif istiqamətləri ilə yanaşı, maliyyə bazarlarındakı cari vəziyyət, sektorun effektivliyinin və dayanıqlılığının artırılması baxımından həyata keçirilən islahatlara toxunulub, qarşıdakı dövr üçün konkret hədəflər və vəzifələr müəyyənləşdirilib, tapşırıqlar verilib. 
Unikal.org
xəbər verir ki, sözügedən müşavirədə dövlət başçısı tərəfindən maliyyə-bank sektoru ilə əlaqədar verilmiş tapşırıqların icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının, həmçinin ölkədə fəaliyyət göstərən istehlak yönümlü bankların iştirakı ilə iclas təşkil olunub, fəaliyyət istiqamətləri müzakirə edilib. İclası giriş sözü ilə açan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ötən dövrlərlə müqayisədə bank sektoru üzrə göstəricilərin yaxşılaşmasının müsbət hal olduğunu bildirib. O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən əsas götürülən iqtisadi kurs zəminində Azərbaycan iqtisadiyyatının davamlı imkişafının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə müsbət qiymətləndirilir, islahatların doğurduğu pozitiv trendlər və inkişaf perspektivləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dərc olunan hesabatlarda öz əksini tapır. Belə ki, Dünya Bankının son “Doing Business” hesabatında biznes mühitinə görə Azərbaycan dünya ölkələri arasında 25-ci yerdə qərarlaşıb, 20 ən islahatçı ölkə sırasında yer alıb. Bununla yanaşı, qlobal səviyyədə ölkələr üzrə maliyyə bazarlarının analizini həyata keçirən “Moody’s” Beynəlxalq Reytinq Agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib, məqsədyönlü islahatlar nəticəsində maliyyə-bank sektorunda kredit verilməsi əmsalının yüksəlməsi, ehtimal olunan maliyyə risklərinin aşağı salınması və sektorun elastikliyinin artırılması baxımından atılan addımları müsbət qiymətləndirib. Bildirilib ki, oxşar mövqe daha bir nüfuzlu maliyyə təşkilatı olan Fitch Beynəlxalq Reytinq Agentliyi tərəfindən də təsdiqlənib və BB+ reytinqi ilə ölkəmiz Şərqi Avropa və post-Sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi üçüncü rüb hesabatında Cənubi Qafqaz üzrə birinci yerdə qərarlaşıb. 
Buna baxmayaraq, dövlət başçısının müşavirədə səsləndirdiyi haqlı iradına əsasən İ.Alışov istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artdığını, bu faktorun ölkə rəhbərinin də vurğuladığı kimi, bank sektorunda yaxın keşmişdə baş vermiş böhranın əsas səbəblərindən biri olduğunu, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərdiklərini mənfi hal olaraq diqqətə çatdırıb, bu istiqamətdə qəti addımların atılmalı olduğunu vurğulayıb. Görüşdə o da qeyd olunub ki, istehlak kreditləşməsinin aktiv fazaya keçməsi və bu trendin banklar tərəfindən tənzimlənməsinin vacibliyi ilə bağlı ötən il və cari ildə Palatanın təşkilatçılığı ilə banklarla analoji görüşlər keçirilsə də, arzuolunan nəticələrə tam nail olunmayıb.
Daha sonra, iclasda Azərbaycan Banklar Assosiasiyasının və bankların təmsilçiləri çıxış edərək qeyd olunan müşavirədə maliyyə-bank sektoru ilə bağlı cənab Prezidentin qaldırdığı məsələləri və iradları əsas götürərək istehlak kreditləşməsi ilə bağlı məsələnin həlli məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlıq fonunda tədbirlərin görülməsinə, həmçinin biznes kreditlərinin artmı məqsədilə real sektorda yetərli tələbin formalaşdırılması üçün aidiyyəti dövlət strukturları ilə birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
İclasın yekununda qarşıya qoyulmuş tapşırığın həlli istiqamətində banklarla birgə əməkdaşlıq çərçivəsində prosesin tənzimlənməsi hədəf olaraq qəbul edilib və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edilib. Əlavə olaraq, problemin həlli istiqamətində Palata tərəfindən bir sıra normativ xarakterli aktlara dəyişiklik ediləcəyi və dövlətin iqtisadi blokunu təmsil edən strukturlarla kommunikasiya şəklində məsələyə kompleks yanaşmanın tətbiq ediləcəyi vurğulanıb.