Oğuz rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Tütünçülük-2020: qarşıda duran vəzifələr”mövzusunda respublika müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Oğuz rayonu Mədəniyyət Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, respublikamızın 13rayonunda tütün istehsalı ilə məşğul olan 200-dən çox fermer iştirak edib.
Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın bütün sahələri, o cümlədən qeyri-neft sektorunda davamlı inkişaf təmin olunub: “Bilirsiniz ki, Oğuz həmişə tütünçülük rayonu olub. Sovet İttifaqı dağılandan bir müddət sonra bu ənənə yaddan çıxıb. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi tütünçülüyün də inkişafına dövlət tərəfindən dəstək göstərilir. Məhz bunun sayəsində tütünçülük inkişaf edir. Ötən illə müqayisədə builki məhsuldarlıq da real vəziyyəti göstərir. Hesab edirəm ki, növbəti illərdə də bu inkişaf davam edəcək”.
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Respublikaya idxal edilən bitki toxumları, kənd təsərrüfatı avadanlıqları, mineral gübrə və pestisidlər əlavə dəyər vergisindən azad edilib, istehsalçılar torpaq vergisi istisna olmaqla bütün digər növ vergi öhdəliklərindən azaddırlar. Torpaq vergisi isə simvolik xarakter daşıyır. Kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, suvarma sistemləri dəsti 40 % güzəştlə lizinq yolu ilə satılır. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin edilib. Həyata keçirilən tədbirlər sayəsində bu ilin 9 ayında kənd təsərrüfatının ümumi istehsal həcmi 7 faiz artıb”.
Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı cənab Prezident tərəfindən mühüm tapşırıqların verildiyini deyib: “Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə, 80-ci illərdə 57 min ton tütün istehsal olunub. Bizim qarşımızda müasir innovasiyaları tətbiq etmək və mövcud ənənələrimizi bərpa etməklə aqrar sahənin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı çox mühüm tapşırıqlar qoyulub. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda 2021-ci ilədək hər hektardan məhsuldarlıq 20 sentner olmaqla əkin sahələrinin 6000 hektara, tütün istehsalının 12 min tona çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bu hədəfə çatmaq üçün ölkəmizdə bütün şərait və imkanlar mövcuddur. Bunun üçün əsas təşviq alətlərindən birinidövlət tərəfindən verilən subsidiyalar təşkil edir. Yeni subsidiya qaydalarına görə tütünçülüyə daha çox diqqət ayrılacaq”.
Nazir çıxışında Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Daha sonra müşavirədə Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev ölkədə tütün istehsalında mövcud vəziyyətdən danışıb, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Rövşən Şərifov isə Assosiasiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Zaqatala rayonundan tütünçü-fermer Akif Kələşov isə tütünçülüyün inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Müşavirədə 2019-cu ildə Azərbaycanda tütün istehsalında yüksək məhsul əldə etdiyinə 6 fermerə Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnamələri fermerlərə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə təqdim ediblər.
Müşavirədətütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.