Bu lin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 522,5 milyon manat sığorta haqqı toplayıb, 201,7 milyon manat sığorta ödənişi həyata keçirib.
Unikal.org bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 351,7 milyon manat, ödənişlər isə 143,4 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 170,7 milyon manat, ödənişlər isə 58,3 milyon manat olub.
2019-cu ilin yanvar-sentyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67,3%-i könüllü, 32,7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71,1%-i könüllü, 28,9%-i icbari sığorta növləri hesabına formalaşıb.
Qeyri-həyat sığortasının könüllü növlərində 2% və yaxud 3,7 milyon manat, icbari növlərində isə 7% və yaxud 9,1 milyon manat olmaqla sığorta haqlarının artımı davam edib. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə qeydə alınıb. Belə ki , keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və yaxud 9 milyon manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 26% və yaxud 5,3 milyon manat, su nəqliyyat vasitələrinin sığortası 29% və yaxud 1,7 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası 6% və yaxud 0,6 milyon manat) artım qeydə alınıb.
İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11% və yaxud 17,1 milyon manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və yaxud 3,6 milyon manat artım), daşınmaz əmlakın icbari sığortası (21% və yaxud 4,9 milyon manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və yaxud 1,1 milyon manat artım) növləri olub.
Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 29% (8,1 milyon manat) artım olub.
Ödənişlərdə keçən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10,4 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5,4 milyon manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2,6 milyon manat artım olub. Azalma isə əsasən tibbi sığorta (1 milyon manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (2 milyon manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.