“Nağdsız Cəmiyyət Günləri” çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları” ekspert qrupunun və bankların aidiyyəti nümayəndələrinin iştirakı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasında görüş keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə “2018-2020-ci illərdə Azərbaycan Respublikaısnda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın aşağı gəlirli əhali qrupları üçün pulsuz “Baza bank xidmətləri paketi”nin tətbiqinin təşviqi prioritet tədbirinin icrası üzrə müzakirələr aparılıb. Müzakirələr zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri tərəfindən bu sahədə qabaqcıl beynəlxalq təcrübə açıqlanaraq tətbiqi istiqamətləri təhlil edilib.
İştirakçılar arasında bu layihənin fokuslaşdığı əhali təbəqəsinin müəyyən edilməsi prinsipləri, təqdim ediləcək məhsul və xidmətlər, tətbiq olunacaq xidmət haqqı tarifləri müzakirə edilib. Aparılan müzakirələrin nəticəsində işçi qrupunun formalaşdırılması və bu istiqamətdə atılacaq addımların birgə təhlili razılaşdırıldı.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.