Bu gün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Cənubi Qafqaz İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri laboratoriyaların iş şəraiti ilə yaxından tanış olublar.
Unikal.org xəbər verir ki, tədbir çərçivəsində Cənubi Qafqaz İsveçrə Əməkdaşlıq Ofisinin regional direktoru Daniel Myuli, Regional direktorun müavinləri Alberto Hernandez, Simona Haberli, ofisin Azərbaycan üzrə əlaqələndirici nümayəndəsi Massimo Blox İnstitutun Analitik Ekspertiza Mərkəzində olublar. Bildirilib ki AQTİ-nin fəaliyyətinin əsas məqsədi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunmasıdır ki, bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində Bakı şəhərində 6, Abşeron rayonunda 1, regionlarda isə 12 laboratoriya fəaliyyət göstərir. Laboratoriyaların fəaliyyətinin əsas istiqamətləri idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyinin təmin edilməsidir.
Nümayəndə heyəti AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasının Virusologiya bölməsinə baxış keçiriblər. Məlumat verilib ki, Mərkəzi Baytarlıq Laboratoriyası, eləcə də onun nəzdində fəaliyyət göstərən bölgələr üzrə 6 regional sınaq laboratoriyası ölkədə dövriyyədə olan, idxal və ixrac olunan, həmçinin insan sağlamlığı üçün təhlükə yarada biləcək kənd təsərrüfatı, ev və vəhşi heyvan xəstəliklərinin laborator diaqnostikasının aparılmasını, vaxtında xəstəliklərin aşkarlanmasını, ölkədə baytar-sanitar təhlükəsizliyini təmin edir.
AQTİ-nin laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olan nümayəndə heyəti ölkəmizdə bu sahədə yaradılan şəraiti yüksək dəyərləndirib, burada beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının ölkədə qida təhlükəsizliyinin təmin edilməsində rolunu xüsusi vurğulayıblar.
Qeyd edək ki, bu kimi tədbirin keçirilməsində əsas məqsədin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən AQTİ, Analitik Ekspertiza Mərkəzi və müasir standartlara uyğun laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış etmək, xarici ölkələrlə qida sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə töhvə verməkdir.