Tailandın Banqkok şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 5 regional komissiyasından biri olan BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Quru limanların işi üzrə işçi qrupun 3-cü görüşü keçirilib.
Unikal.org xəbər verir ki, UNESCAP-ın prosedur qaydalarına uyğun olaraq öncə işçi qrupu iclasa sədr və sədrin iki müavinini seçib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Emil Əhmədov işçi qrupunun iclasına sədr seçilib. Sonra iclas işini Azərbaycan nümayəndəsinin sədrliyi ilə davam etdirib.
Görüş çərçivəsində Quru Limanlar üzrə Hökumətlərarası Sazişin həyata keçirilməsi statusu, quru limanların inkişafına dair məsələlər, o cümlədən quru limanlara investisiyaların cəlb edilməsi müzakirə edilib. İlkin olaraq nümayəndə heyətləri öz ölkələrində quru limanların inkişafı ilə bağlı atılan addımlar və strategiyalar, o cümlədən bu sahənin beynəlxalq əhəmiyyətinin artırılması istiqamətində irəli sürdükləri təkliflər barədə məlumat veriblər.
“Ölkələrin təqdimatı” adlı sessiyada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev nəqliyyat sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”, eləcə də ölkəmizin sözügedən Sazişə qoşulması istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qeyd edək ki, beynəlxalq əhəmiyyətli quru limanların yaradılması müxtəlif nəqliyyat növləri, eləcə də Asiya Avtomobil Yolları və Trans-Asiya Dəmir yolları şəbəkəsi arasında inteqrasiyanın yaradılmasında önəmli rol oynayır. Eləcə də beynəlxalq daşımalarda sərhəd-keçidləri və tranzit zamanı gecikmələrin aradan qaldırılmasında, enerji baxımından daha səmərəli və ekoloji davamlı nəqliyyat növlərinin istifadəsində, beynəlxalq intermodal nəqliyyat-logistika sisteminin yaradılmasında faydalı olacaq.