Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin noyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərində, nazirin birinci müavini Əli Abdullayev Astara rayonunda vətəndaşlarla görüşüb.
Unikal.org xəbər verir ki, nazir Lənkəran və Lerik, nazirin birinci müavini isə Astara sakinlərini qəbul edib.
Vətəndaşlar tərəfindən əsasən nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları və poçt rabitəsi ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaş müraciətlərinin bir qismi yerindəcə həll olunub, digərləri araşdırılması üçün nəzarətə götürülüb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, onlara həmin müraciətlərin aidiyyəti strukturlara göndəriləcəyi bildirilib.