Bu gün Sumqayıt şəhərində yerləşən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının akt zalında YAP-ın yaranmasının 27 illiyi münasibətilə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, Qubadlı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə RİH-nin məsul şəxsləri, partiyanın ilk ərazi təşkilat rəhbərləri, şura üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyduqdan sonra akt zalında davam etdirilən tədbirdə dövlət himni səsləndirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, YAP-ın yaranması və fəaliyyətinə həsr olunmuş video çarx nümayiş olunub.
Tədbirdə giriş nitqi söyləyən Qubadlı rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyevin çıxışı dinlənilib.
Sonra YAP Qubadlı rayon Gənclər təşkilatının sədri Ülvi Qasımlı çıxış edərək bildirdi ki, Gənclər Birliyi öz işini Rayon Gənclər və İdman idarəsi ilə əlaqəli şəkildə qurmuş, rayonun gənclərinin zərərli vərdişlərdən çəkindirilməsi ilə bağlı marifləndirici tədbirlər həyata keçirib.
Sonda rayonun ictimai-siyasi həyatında iştirak edən bir qrup YAP üzvünə fəxri fərman təqdim olunub, partiyanın sıralarına yeni qəbul olmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edildi.