“Sağlam bədən sağlam ətraf mühitdə formalaşar” şüarı altında Şahdağ milli parkında, təbiət qoynunda atla yürüş keçirilib.
Unikal.org xəbər verir ki, yürüşün keçirilməsində məqsəd xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin inkişaf etdirilməsi, eyni zamanda milli parklarda ekoturizm potensialının təbliğ olunmasıdır. Bunu jurnalistlərə açıqlamasında Şahdağ milli parkının direktoru Akif Məmmədov bildirib.
O qeyd edib ki, 120 nəfərin qatıldığı yürüşdə 3,5 km məsafə qət olunub və qaliblər rəmzi olaraq müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
“Bu cür tədbirləri keçirməklə biz milli parklarda ekoloji turizmin təbliğinə nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, milli parklara turistlərin marağını artırmaq eyni zamanda atçılıqla bağlı milli ənənələrimizi qoruyub saxlamaq istəyirik. Bu, noyabr ayı ərzində Azərbaycanın milli parklarında ekoloji turizmi təbliğ etmək üçün təşkil olunan sayca altıncı tədbirdir”.