Serbiyanın telegraf.rs xəbər portalında Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadə barədə məqalə dərc olunub.
Unikal.org xəbər verir ki, dahi rəssamın rəsmləri ilə əhatə olunmuş yazıda Səttar Bəhlulzadənin həyatı, yaradıcılığı, əsərlərindəki xüsusi mənalar təhlil edilib.
Qeyd olunub ki, müxtəlif janrlarda bənzərsiz əsərlər yaradan rəssamın əsas istedadı daha çox peyzajlarda ortaya çıxıb: “Əvvəlcə o adi mənzərələr qələmə alırdı. Ancaq çox keçmədən hisslərini ifadə etmək üçün öz tərzini inkişaf etdirdi. Bu yeni üslub daha sürreal və kosmik idi. Əslində onun bəzi şəkilləri Yerin kosmosdan çəkilmiş fotoşəkillərinə bənzəyir. Pastel rənglərin və qeyri-adi toxunuşların birləşməsindən istifadə edərək, təbiəti daha canlı, bəzən isə daha fantastik hala gətirdi”, - deyə yazıda vurğulanır.
Məqalədə qeyd edilir ki, yaradıcılığının müxtəlif dövrlərində Səttar Bəhlulzadənin tarixi şəxsiyyətlərə, neft buruqlarına, Azərbaycanın bölgələrinin əvəzolunmaz yerlərinə müraciət etməsi rəssamın daim axtarışda olmasını göstərir. Yazıda rəssamı fransız postimperrisionisti Pol Qogenlə də müqayisə edirlər, lakin qeyd olunur ki, azərbaycanlı rəssam qeyri-adi yerləri kəşf etmək üçün uzaqlara müraciət etməyib. O, dahi əsərlərini elə öz vətənində ilham alaraq yaradıb.