Moskvada noyabrın 23-də Azərbaycan vətəndaşı qaçırdığı VAZ 2107 markalı avtomobillə 30 avtomobili əzib, polisə tabe olmayıb, nəticədə polis ona silahla atəş açıb.

Unikal.org  xəbər verir ki, Moskvaya işləməyə gedən azərbaycanlı qaçırdığı avtomobili sərxoş halda idarə edib.

“Jiquli”nin sahibi avtomobili küçədə saxlayaraq qapılarını bağlamayıb, hesab edib ki, bu köhnə avtomobil kiməsə gərək olmaz. Lakin azərbaycanlı fürsətdən istifadə edib avtomobili qaçırıb. Sahibi ertəsi gün avtomobilin qaçırıldığını görərək polisə müraciət edib.

Yol patrul müfəttişləri qaçırılan avtomobilin yerini  müəyyən ediblər . Azərbaycanlı asanlıqla təslim olmayıb, təhlükəli manevrlər edərək polislərdən qaçmağa çalışıb və bu zaman 30-a yaxın avtomobili əzib. Nəticədə onu saxlamaq üçün polislər atəş açıblar. Təxminən 10 kilometrlik təqibdən sonra sürücünü saxlamaq mümkün olub, onun barəsində həbs qərarı verilib.

 30 maşını əzən azərbaycanlının  İntiqam Əliyev olduğu müəyyənləşib.

Maraqlı məqam odur ki, oğurlanan avtomobilin sahibi də İlqar Bayramov adlı azərbaycanlıdır.

İ.Bayramov bildirib ki, onun maşınını qaçıran şəxsi tanımır:

“Mənə onun fotosunu göstərdilər, amma mən onu tanımıram, heç vaxt görməmişəm. Maşını Qərbi Biryulevo rayonunda, Medınski küçəsində, mağazanın qarşısındakı meydançada saxlamışdım. Mən orada yaxınlıqda yaşayıram. Qapısının qıfılı xarabdır, gah bağlanır, gah yox.

Açarlər özümdə idi, o maşını necə xoda salıb, bilmirəm. Səhər baxdım ki, maşın yoxdur. Əvvəl elə bildim evakuator aparıb, amma baxıram bütün maşınlar yerindədir, mənimki yoxdur. Sonra kameralarla maşını gördülər, dərhal polisə zəng vurdum.

O, mənim yeganə maşınım idi, işə gedib-gəlirdim. İndi mən neyləyim? Mən yazıq, mən bədbəxt. Bəxtim gətirmədi. Xərclərimi güclə çıxardıram, qızım təhsil alır...”,-maşın sahibi deyib.