Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova "Haqq Ədalət Partiyası"nın təşkilat komitəsinin üzvü kimi adının hallandırılmasına etiraz edib.

Unikal.org xəbər verir ki, bu barədə Q.Budaqovanın bəyanatında bildirilib:

"Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm.

Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar."

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov "Haqq və Ədalət Partiyası" yaratmaqla bağlı təşəbbüs irəli sürüb və Qalibə Budaqovanın da həmin "partiya"nın təşkilat komitəsinin üzvü olduğunu bəyan edib.