Avropanın ən böyük cavahirat kolleksiyasının yerləşdiyi Almaniyanın dövlət muzeyindən oğurluğun videosu yayılıb.
Unikal.org xəbər verir ki, video Drezden polisi tərəfindən internetdə yayılıb.
Onlar bu yolla oğrular haqqında məlumat əldə edə biləcəklərini düşünürlər.
Oğrular Drezden Kral Sarayındakı Yaşıl Qübbəyə (Qreen Vault) noyabrın 25-də səhər giriblər. Soyğunçular özləriylə fənər və balta götürüblər. Onlar qaranlıq zalı cib fənərinin köməyi ilə işıqlandırıb vitrinin şüşəsinə bir neçə dəfə zərbə vururlar. Sonra isə çərçivəni tamamilə sökürlər.
Muzeydən verilən məlumata görə, onlar üç dəyərli brilliyant qarnitur və 100-ə yaxın zinət əşyası oğurlayıblar. Ümumilikdə vurulan zərər təxminən bir milyard avrodur.
Oğrular hadisə yerindən qaçıb. Hazırda işin araşdırılması üçün Drezden şəhərində xüsusi komissiya işləyir.