Əli Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, prezident köməkçisi vəzifəsindən azad olunması ilə bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, Əli Həsənov facebook səhifəsində yazıb:
"Dəyərli oxucular, bildirmək istəyirəm ki, bu gündən etibarən mən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri deyiləm, bundan sonra öz fəaliyyətimi elmi yaradıcılıq istiqamətində davam etdirəcəyəm.
Xüsusi olaraq vurğulayım ki, mən öz siyasi karyerama Heydər Əliyev kursunun sadiq əsgəri kimi başlamış, 25 il bu kursa, bu kursun davamçısı olan cənab İlham Əliyevə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu kursa xidmət edəcəyəm.
Mənim Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin yürütdüyü siyasətə sədaqətim dəyişməzdir.
Hər kəsin bilməsini istəyirəm ki, mən həmişə Heydər Əliyev ideyalarının daşıyıcısı, İlham Əliyevin siyasi kursunun dəstəkçisi olaraq qalacağam. Azərbaycanda başlamış yeniləşmə kursuna inanır, həyata keçirilən islahatların ölkəmizə və xalqımıza uğurlar gətirəcəyinə əminliyimi ifadə edirəm.
Cəmiyyətimizin bütün təbəqələrini bundan sonra da Heydər Əliyev siyasi kursuna dəstək verməyə və cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram".