Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində yeni xidmət və layihələrini təqdim edib.
Unikal.org xəbər verir ki, “AzInTelecom” MMC-nin stendində ziyarətçilərə “Hökumət buludu”, yeni məhsullar və layihələr haqqında geniş məlumat verilib. Bildirilib ki, “Hökumət buludu”nun arxitekturası işlənib hazırlanıb. Arxitekturaya əsasən “Hökumət Buludu”nun fəaliyyəti əsas, ehtiyat, arxiv, test data mərkəzləri olmaqla dörd data mərkəzi vasitəsilə həyata keçiriləcək. “Hökumət Buludu”nda yaradılacaq infrastrukturla bağlı tələb olunan maliyyə vəsaiti hesablanaraq aidiyyəti qurumlara təqdim olunub. “Hökumət buludu” Konsepsiyası nəzərə alınmaqla, dövlət informasiya sistemləri və ehtiyatlarının 2020-2023-ci illər üzrə miqrasiyasını əhatə edəcək “Hökumət buludu”na Keçid Planı layihəsi hazırlanıb. Artıq 29 dövlət qurumu “Hökumət buludu” layihəsi çərçivəsində öz informasiya ehtiyatlarının bir qısmini “Azcloud Hökumət həlləri” buluduna miqrasiya edib. “Azcloud Hökumət həlləri”nin istifadəsini asanlaşdıran vahid pəncərə modeli - "AZCLOUD" özünüidarəetmə platformasının üstünlükləri barədə məlumat verilib. Qeyd olunub ki, dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na inteqrasiyasının effektiv təşkili, dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi məqsədilə “Hökumət buludu” (G-cloud) layihəsi ilə əlaqədar işlərə artıq start verilib.
Beynəlxalq təcrübəyə əsasən “Hökumət buludu”na miqrasiya edən dövlətlər İT xərclərinə 25-30% qənaət etmiş olurlar. Belə ki, İT infrastrukturunun “Hovuz prinsipi” əsasında daha səmərəli istifadə edilməsi üçün imkan yaranır.
Sərgidə həmçinin AzInTelecom-un təqdim etdiyi yeni məhsullarla və layihələrlə bağlı təqdimatlar təşkil olunub. Rezervlənmə, arxivləşdirmə, biznesin təşkili və təhlükəsizlik xidtmətləri ilə bağlı məlumatlar verilib. Bundan əlavə, Yevlaxda ehtiyat data mərkəzi, Azcloud Hackathon yarışması, Azcloud Hackathon yarışması və gələcək planlarlar haqqında məlumatlar açıqlanıb.
Sərgi çərçivəsində AzInTelecom stendində bulud texnologiyaları üzrə ən son xidmətlərin Azcloud MeetUp adlanan interaktiv sessiyalar təşkil olunub. Adıçəkilən sessiyalar çərçivəsində əsəsən məlumatların qorunması və təhlükəsizliyi mövzusunda 2 saat ərzində 5 təqdimat, 3 demo nümayişi və sual-cavab sessiyaları keçirilib.