Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif ölkələrdən Azərbaycana gəlmiş diaspor nümayəndələri ilə görüş keçirilib.
Bu barədə Unikal.org-a Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Görüşdə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Liderliyin inkişafı proqramı”nın iştirakçıları - Fransada və beynəlxalq miqyasda hüquq və vergi məsələləri üzrə xidmətlər təklif edən “LEXLOR” beynəlxalq hüquq şirkətinin rəhbəri və təsisçi partnyoru Edmond Verdier, Türkiyədə fəaliyyət göstərən “Edison” hüquq bürosunun sədri Ruslan Edison, Almaniyada miqrasiya və qaçqın məsələləri üzrə ictimai fəaliyyətlə məşğul olan Nurlan Məmmədov, Ukraynadakı “Riç-İnter Qrup” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Murad Cəfərov, Gürcüstanın “EVEX” klinikalar şəbəkəsinin satış üzrə koordinatoru Murad Muradov təmsil olunub.
Komitə sədri Fuad Muradov Azərbaycanın uğurlu diaspor siyasəti barədə məlumat verib, diaspor nümayəndələri ilə dövlət qurumları arasında əlaqələrin qurulması və əməkdaşlığın əhəmiyyətindən danışıb.
Liderlik proqramı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, icma işinin təşkili, xaricdəki potensialın müəyyən olunması, icma lideri olmağın əhəmiyyəti, gənc liderlərin daha da fəallaşdırılması və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Diaspor nümayəndələri öz fəaliyyətləri barədə məlumat verib, “Liderliyin İnkişafı Proqramını” və ümumiyyətlə Dövlət Komitəsinin fəaliyyət prinsiplərini müəyyən edən Strateji Yol Xəritəsini yüksək qiymətləndirdiklərini qeyd ediblər.