Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev, təhsil ictimaiyyətinin nümayəndələri, məktəbin məzunları və qəsəbə sakinləri iştirak edib.
Dövlət himninin səsləndirilməsindən sonra məktəbin tarixindən bəhs edən video rolik nümayiş olunub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibəti ilə məktəbin müəllim və şagird kollektivini təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb.
Şəhər rəhbəri Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsi ilə nəticələndiyini vurğulayıb.
Qeyd olunub ki, hazırda Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıtda 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binası tikilir, 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi işlərinə isə yaxın zamanlarda başlanılacaq.
Vurğulanıb ki, Corat qəsəbəsində 120 il öncə fəaliyyətə başlayan təhsil müəssisəsi böyük inkişaf yolu keçib, məktəbin tədris nailiyyətləri son illərdə daha da artıb.
Corat məktəbinin yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixlərinə həkk olunmuş çoxlu sayda tanınmış ziyalıları vardır. Qədim Corat məktəbinin məzunları arasında tanınmış, elm, təhsil, incəsənət və istehsalat adamları az olmayıb.
7 nömrəli tam orta məktəb Sumqayıtın çoxsaylı təhsil ocaqları arasında ən qədim məktəbdir. Məktəbin uğurla fəaliyyət göstərməsindən nə az, nə çox düz 120 il keçir. Üç əsrin tarixini yaşayan Corat məktəbinin hazırkı binası 1990-cı ildə tikilib. Mindən çox şagirdi olan məktəbdə tədris bir növbəlidir, şagirdlərin təlim - tərbiyəsi ilə 90 pedaqoji işçi məşğul olur.
Məktəbdə sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də yeni avadanlıqlar quraşdırılıb. Kompüter otaqları, zəngin kitabxana, məktəbin tarixi guşəsi, tarix muzeyi şagirdlərin ixtiyarına verilib.
Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Yubiley tədbirində incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Sonda məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə və Corat qəsəbə sakinlərinə səmərəli fəaliyyətlərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.