Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili və mədəniyyətinə marağın artırılması, inkişafı məqsədi ilə Çin dili natiqlik müsabiqəsi keçirilib.

Unikal.org xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ADU Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.

R.Abbasov həmçinin qeyd edib ki, belə müsabiqələrin keçirilməsi gənclərin maraq dairələrini daha da genişləndirərək, Şərq dillərinə və mədəniyyətinə daha çox üstünlük vermələrini təmin edəcəkdir. Müsabiqədə ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.  Natiqlik kateqoriyası üzrə müsabiqədə tələbələr öz seçdikləri mövzu üzrə nitq hazırlayaraq münsiflər heyəti qarşısında yarışıblar. Müsabiqənin yekununda qaliblərin mükafatlandırma mərasimi keçirilib.