"Əgər biz gömrükdə həyata keçirilən işlərdən və şəffaflaşdırma işlərindən danışırıqsa, burada qida təhlükəsizliyi kənarda qala bilməz. Bu mənada AQTA ilə Dövlət Gömrük Komitəsinin fəaliyyəti bir-biri ilə sıx əlaqəlidir".
Unikal.org xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün Heydər Əliyev Mərkəzində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu "nda çıxışı zamanı səsləndirib.
Agentlik sədri bildirib ki, qida təklüləsizliyinin təmin olunmasında tarladan süfrəyə prinsipi tətbiq olunur: “Bu səbəbdən qida məhsullarının idxalı və ixracı zamanı qida təhlükəsizlik prinsipləri tətbiq edilir. Hazırda Azərbaycana idxal olunan heyvan və bitki mənşəli qida məhsulları risk əsaslı idxal sisteminə daxildir. Risk əsaslı idxal sistemi dedikdə, aşağı riskli qida məhsullarının sadəcə sənədlərinə baxılır, orta riskli məhsulların həm sənədlərinə baxılır, həm də eynilik prinsipi tətbiq olunur, yüksək riskli qida məhsullarında isə həm sənədlərin, həm eynilik prinsipinin yoxlanılması ilə yanaşı nümunələr də götürülərək laborator analizlərə cəlb olunur. DGK-nın vahid avtomatlaşdırılmış bir sistemi var ki, AQTA-nın sistemi ilə bu inteqrasiya olunub. Agentlik risk əsaslı qiymətləndirməni həyata keçirdikdən sonra çevik şəkildə ixrac-idxal prosesinə qoşuluruq. Gömrük–keçid məntəqələrinin yaxınlığında heyvan və bitki mənşəli qida məhsullarına münasibətdə qida təhlükəsizliyi məsələsinə görə risklərin dəyərləndirilməsi həyata keçiriləcək. Bu həm məhsulların təhlükəsiz şəkildə idxalına, həm də əhalinin sağlamlığının qorunmasına xidmət edəcək”.