“Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb”.

Unikal.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində 5 dəfə - 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat veriləcək. Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram. Səsvermə prosesi saat 19.00-da başa çatacaq”, deyə o vurğulayıb.

M.Pənahov həmçinin deyib ki, bələdiyyə seçkilərini izləmək üçün seçki məntəqələrində xüsusi kreslolar qoyulub.

Onun sözlərinə görə, həmin kreslolar elə qoyulub ki, bütün məntəqəni müşahidə etmək mümkündür.

MSK sədri bildirib ki, biz bütün imkanlardan istifadə edirik ki, xoşagəlməz hallar baş verərsə, onlar namizədlərin xeyrinə həll olunsun: “Gün ərzində bölgələrlə əlaqə saxlayacağıq. Hər hansısa xoşagəlməz hal yaşanarsa, bizə müraciət daxil olarsa, biz qanuna müvafiq qaydada addımlar atacağıq. İndiyə qədər nə qeydiyyatla bağlı, nə də sonrakı proseslərdə Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayb. Ancaq "qaynar xətt" vasitəsilə müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyır. Ona görə də gün ərzində Azərbaycanda keçirilən seçkiləri izləmək üçün dünyanın bütün nöqtəsindən istənilən şəxsin heç bir akkreditasiyadan keçmədən onlayn şəkildə sayta daxil olaraq seçki prosesini müşahidə edə bilər”, - deyə M.Pənahov əlavə edib.