Könüllülük proqramının yekunlarına dair Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” ilə görüş keçirilib.

BNA-dan Unikal.org-a verilən məlumata görə, görüşdə iştirak edən Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri könüllüləri salamlayaraq Agentliyin fəaliyyətində aktiv şəkildə iştiraka, vətəndaşlara xidmətin göstərilməsi, həmçinin, maarifləndirici və məlumatlanıdırıcı aksiyalarda aktiv iştiraklarını yüksək qiymətləndirib və proqramın səmərəli həyata keçirildiyini qeyd edib.

Proqram ərzində könüllülərlə birgə xidmət edən Agentliyin əməkdaşları çıxış edərək bildiriblər ki, könüllülər Agentliyin fəaliyyəti ilə bağlı olan tapşırıqları yüksək səviyyədə yerinə yetirib. Xidməti qayda və normalara, vətəndaşlarla nəzakətli və ədəbli ünsiyyət quraraq könüllülük proqramına aid təlimatlara riayət ediblər. Könüllülük proqramı ərzində özlərini müsbət tərəfdən nümayiş etdirən və Agentlikdə işə götürülən könüllülər öz təəssüratlarını bölüşüblər. Daha sonra proqramın yekunlarına dair hesabat video çarxı nümayiş etdirilib, qazanılan diplomlar təqdim edilib və il ərzində fəal olan könüllülər təşəkkürnamə və müsbət xasiyyətnamələrlə təltif olunublar.

Qeyd edək ki, bu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında dövlət başçısı gənclərlə görüşündə dövlət qurumlarına müraciət edərək Könüllülər Hərəkatının yaradılması və gənclərin bu fəaliyyətə cəlb olunması ilə bağlı çağırış edib. Bu çağırışa uyğun olaraq, Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Agentləri” könüllülük proqramına start verib. 

Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi "Nəqliyyat Agentləri" könüllülük proqramına seçimlərdə 124 nəfər iştirak edib, 60 nəfər proqrama seçilib, 35 nəfər məzun adını qazanaraq sertifikatla təltif edilib, 7 nəfər könüllü isə işlə təmin edilib. “Koroğlu” NMM-də 24 nəfər könüllü səhər və axşam pik saatlarda 9 noyabr – 9 dekabr tarixlərində mərkəzin istifadə qaydaları, təlimatlar barədə sərnişinləri məlumatlandıraraq könüllü fəaliyyət göstərib. Hazırda 30 nəfər könüllümüz bu və ya digər fəaliyyətlərimizdə fəal şəkildə iştirak edirlər.